Quba rayon Mərkəzi Kitabxanasının oxu zalında "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı maarifləndirici tədbir keçirilib.

Aprelin 8-də təşkil olunan tədbir dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və rayon MKS tərəfindən gerçəkləşdirilib.

Çıxışlarda qeyd olunub ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Bildirilib ki, dünyanı cənginə alan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılır. Azərbaycanda narkomaniya ilə mübarizə daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir.

Diskussiya şəklində davam edən tədbirin sonunda "Narkomaniya gəncliyin bəlasıdır!" adlı videoçarx nümayiş olunub, "Narkomaniyaya yox deyək!" adlı sərgiyə baxış keçirilib. 

***

Kəlbəcər rayon MKS-nin Almalı kənd kitabxana filialının (müvəqqəti Gəncə şəhərində yerləşir) əməkdaşları Gəncə Maarif evində "Narkomaniyaya yox deyək!" adlı tədbir keçiriblər.

Tədbirdə kitabxana filialının əməkdaşları ilə yanaşı, Gəncə şəhər 37 nömrəli tam orta məktəbin müəllim və şagirdləri də iştirak ediblər.

Çıxış edənlər gənclərə narkomaniya və onun zərərləri haqqında geniş məlumat veriblər.

Nurəddin