Bakıdakı Rus Evinin Ədəbi klubu çərçivəsində şairə Bella Axmadulinanın yaradıcılığına həsr olunmuş musiqili-poetik gecə keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidməti xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycanın Tatar İcmasının birgə təşkilatçılığı ilə baş tutub.
Rus evinin şöbə müdiri Nataliya Nenaşeva gecənin qonaqlarını salamlayıb.
Gecədə şairin şeirləri əsasında hazırlanmış ən yaxşı əsərlər və romanslar təqdim edilib, Qabriella Manuxina Bella Axmadulinanın obrazını və Anna Paksivatova isə şairənin uşaqlıq illərini məharətlə canlandırıblar.
Şairin şeirlərini Bakıdakı Rus evinin Ədəbiyyat klubunun sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova və klubun üzvləri Günatay Hüseynova, Aytən Həsənzadə, Nell Küri, Olqa Şalayeva, Aysel Əmirova, Mariya Petrienko, Lalə Muxtarova, Tatyana İvanayeva, Qabriella Manuxina, Elena Paksivatova, Zülfiyyə Babayeva, Anita Tağıyeva, Eldar Melqizin oxuyublar.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina və BMA-nın məzunları, Arxangel Mixail məbədinin solistləri İnarə Əzimova və Nərgiz Məmmədovanın ifasında “Romans haqqında romans”, “Məhəbbət sehrli ölkədir” musiqi əsərləri səsləndirilib. Həmçinin Zeytuna Qafiullova, Safin İsmayıl və Ravil Abcailovun təqdim etdiyi vokal-instrumental nömrə nümayiş etdirilib.
Gecədə çıxış edən şair Renat İlyazov və tarixçi alim Rüstəm Hüseynov qonaqlara şairənin həyat və yaradıcılığından danışıblar.