Şəkidə yerin altında yerləşən bu muzeydə arxeoloji qazıntılar zamanı tapılan bütün mədəniyyət abidələri aşkarlandığı yerdə necə var elə də qorunur.
Buranı yerli əhali “əbədi sükut dünyası”, yaxu da “Labirint” - praktik arxeologiya muzeyi adlandırırlar. Muzeyin ərazisində ötən əsrin 80-ci illərindən tədqiqat işlərinə başlanılıb və 2006-cı ildə tamamlanıb. Həyata keçirilən arxeoloji təqdiqatlar nəticəsində məlum olub ki, buradakı tarixi maddi-mədəniyyət nümunələri eramızdan əvvəl 1-ci minillikdən ta Qafqaz Albaniyası dövrünə qədər olan zamanı əhatə edir. Orijinallığına görə bu muzeyin nəinki Cənubi Qafqazda, hətta dünyada belə bənzəri yoxdur.
Bu məkanı həm də mərhum arxeoloq Nəsib Muxtarovun uzun illər apardığı tədqiqat və arxeoloji işlərinin uğurlu nəticəsi hesab etmək olar. Nəsib Muxtarovla çiyin-çiyinə çalışan, bu tarixi məkanın inşasında tər tökənlərdən biri də arxeoloq İntizar Bədəlovadır. Onun bildirdiyinə görə, “Əbədi sükut dünyası - Labirint” yer altında ekspozisiyalarla birgə 150 kvadratmetrə qədər ərazini əhatə edir. Labirintin giriş və çıxış qapıları ayrı-ayrıdır və 16 ekspozisiyadan ibarətdir.
“Labirint”də aşkar olunmuş qəbirlər və onlara aparan yollar bütövlükdə kərpic tağla örtülüb. Burada qəbirlər böyük-kiçikliyindən, dərinliyindən asılı olmayaraq, tapıldığı yerdə nümayiş etdirilir. Yerin altından tapılmış digər 11 ekspozisiyadan 5-i divarlarda, 5-i ayrı-ayrı yerlərdə, biri isə aşkar olunduğu yerdə - dəhlizdə nümayiş etdirilir.
Arxeoloq İntizar Bədəlovanın sözlərinə görə, kiçik bir Fazıl kəndində beş yerdə qədim yaşayış yeri aşkarlanıb və hər beş ərazidən bam-başqa dövrlərə aid maddi-mədəniyyət nümunələri tapılıb. Labrintin digər adının Təpəbaşı nekropolu olduğunu xatırladan arxeoloq onu da əlavə edir ki, buradakı eksponatlar eradan əvvəl I minillkdən başlayaraq, Orta əsrləri, o cümlədən indiki əhalinin yaşadığı dövrü əhatə edir.
İntizar Bədəlova eyir ki, burada mədəniyyətin, incəsənətin, dulusçuluğun inkişafına dair ən müxtəlif dövr və eksponatlara da təsadüf edilir.
Söhbət zamanı məlum olur ki, muzeyin nadir eksponatları arasında şahin başlı Misir ilahəsini xatırladan əşyalar da var. Qəbirlərdən tapılan qablara başqa yerlərdə rast gəlinməyib. Ritual qəbirlərdə kökü kəsilən heyvanların sümüklərinə də rast gəlmək mümkündür.
Muzeyin ərsəyə gəlməsində əməyi olanlardan biri də Fazıl kənd bələdiyyəsinin sədri İsmayıl Əyyubovdur. Arxeoloqlarla ilk gündən burada qol çırmayıb qazıntılara kömək edən İsmayıl müəllim, bu işlərin içində olduğundan hər bir eksponat və maddi-mədəniyyət nümunəsi haqda geniş məlumata malikdir.
Bələdiyyə sədri doğma obasını bütövlükdə açıq təbiət altında muzey adlandırır: “Burda torpaq işlərinin aparılması qəti qadağandır. İcazə olmadan torpaq işləri aparılmır. Hətta muzeyin divarlarında belə orjinallıq saxlanılıb”.
Ekspozisiya zallarını gəzdikgə biri digərindən maraqlı məlumatlar əldə edirik. Məlum olur ki, burada dəfn adətlərində bəzi yeniliklər müşahidə edilir. Dünyada analoqu olmayan gil qadın heykəlləri (bütlər) də burada tapılıb. Yaloylutəpə mədəniyyətinin lokal variantı, ellinizm elementləri də burada görünür.
“Labirint” Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrünü əhatə etməklə Yaloylutəpə mədəniyyətinin xronologiyasını bir qədər də dərinləşdirir. Azərbaycan tarixinin eradan əvvəl I minilliyindən bizim eranın I minilliyinədək olan dövrü əhatə edir. Lakin bu, hələlik güman edilən dövrdür.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirildi ki, “Labirint” muzey yaxın vaxtlarda ölkə əhəmiyyətli axreoloji abidə kimi qeydiyyata alınıb. Tarixi abidənin bərpası məsələsi isə gələcək investisiya proqramlarına daxil edilib.
Dövlət Turizm Agentliyi də məsələyə münasibət bildirib. Qeyd edib ki, bu tarixi abidə-muzeyin turizm əhəmiyyəti olduqca böyükdür. Təpəbaşı nekropolu ən unikal məkanlardan biridir və oranın turizm marşrutlarına salınması gündəlikdədir. Hazırda bu istiqamətdə işlər aparılır.