Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 2024-cü il 3 aprel tarixli qərarına əsasən, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

AMEA-dan bildirilib ki, sənədlər aprelin 16-dan mayın 15-dək qəbul ediləcək.

Qəbul şərtləri:

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd təqdim edə bilərlər.

Doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil, fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənni üzrə imtahanda, fəlsəfə fənni üzrə “məqbul” qiymət alan şəxslər isə ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.

Dissertanturaya müvafiq tədqiqat sahəsində müəyyən elmi araşdırma təcrübəsinə malik, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər. Bu şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dil üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında keçid balını toplamalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə təqdim edilməlidir:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).

Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji təcrübəyə və nailiyyətlərə malik, “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq hüququna “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdir.

Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıda qeyd olunan sənədlər AMEA-nın müvafiq elmi müəssisələrinə təqdim edilməlidir:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun notarial qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd: Doktorantura və dissertanturaya sənəd qəbulu, eyni zamanda, paralel olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada aparılacaq. Sənəd təqdim etmək istəyən şəxslər Elm və Təhsil Nazirliyinin portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə sənəd qəbulu aprelin 16-dan mayın 15-dək həyata keçiriləcək. Portal ilə bağlı əlavə məlumat almaq üçün elmi müəssisənin təhsil şöbəsinə müraciət etmək olar.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+994 12) 539 30 60;

E-mail: eti@science.az