15 aprel Dünya İncəsənət Günüdür (World Art Day). Əlamətdar gün 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.
Bununla bağlı qəbul olunan qətnamədə (26 noyabr 2019-cu il) Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilir.
UNESCO-nun bununla bağlı ilk mesajında pandemiya zamanında Dünya İncəsənət Gününün qeyd edilməsinin incəsənətin cəmiyyəti bir araya gətirmək, ilham vermək, birgə fəaliyyətə təkan vermək qabiliyyətini daha aydın nümayiş etdirmək baxımından xüsusilə önəmli olduğu vurğulanırdı.
2024-cü ildə Dünya İncəsənət Günü UNESCO tərəfindən “İncəsənət və insan ləyaqəti” devizi ilə qeyd olunur. UNESCO-nun himayəsi altında, Dünya Səhiyyə Təşkilatı və Qlobal Sülh Təhsili Şəbəkəsi (GPEN) ilə əməkdaşlıqda “İncəsənət və insan ləyaqəti: İnsan hüquqları və sülh mədəniyyəti üçün müalicə incəsənətləri” adlı forum təşkil edilib. Tədbirin məqsədi qlobal sülh, insan hüquqları, sağlamlıq və rifahın təşviqində incəsənətin müsbət təsirini araşdırmaqdır.
Xatırladaq ki, UNESCO-nun 2019-cu ildə qəbul etdiyi qərara qədər 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunub. Həmin tarix isə 1935-ci il aprelin 15-də rus rəssamı, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı”) imzalanması ilə bağlı idi. 20-yə yaxın ölkənin imzaladığı “Vaşinqton paktı” mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sonradan bu paktın bir sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapdı və inkişaf etdirildi.