Qazaxıstanda Yakutiya teatrının “Böyük qastrolu”

 

Aprelin 19-da Qazaxıstanın paytaxtı Astanada Rusiya Federasiyası Saxa (Yakutiya) Respublikası Dövlət Opera və Balet Teatrının “Böyük qastrolu” başlanır. Bu barədə “Astana-Balet” Teatrı məlumat yayıb.

D.K.Sivksov – Suorun Omolloon adına Dövlət Opera və Balet Teatrının yaradıcı kollektivi “Nurqun Bootur” operası, Müasir xoreoqrafiya axşamı proqramında isə “Hərəkətin cizgisi” və “İşıqsaçan daş” birpərdəli baletləri ilə çıxış edəcək.

Tamaşalar Astana ilə yanaşı, Almatıda, Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının səhnəsində də göstəriləcək.

“Nurqun Bootur” ilk yakut operasıdır. Rusiya Federasiyasının və Yakutiyanın Xalq artisti Andrey Borisovun quruluş verdiyi əsər həm epik səhnə əsəri, həm də opera tamaşası kimi oynanılır. Buna görə də tamaşada həm Opera və Balet Teatrının yaradıcı heyəti, həm də Olonxo Teatrının artistləri məşğuldur. Olonxo – yakut xalqının bizim dastanları xatırladan epik xalq yaradıcılığı janrıdır. Tamaşanın təsir və ifa gücünü artırmaq məqsədilə məhz “Nurqun Bootur” üçün daha bir tanınmış yaradıcı kollektiv – “Yakutiya virtuozları” violaçılar ansamblı teatrın simfonik orkestrinin heyətinə daxil edilib.

Birpərdəli “Hərəkətin cizgisi” neoklassik baleti və “İşıqsaçan daş” etno-baleti isə teatrın unikal balet truppasının ən müxtəlif cəhətlərini açıqlayır. Bu tamaşaları seyr edənlər müasir xoreoqrafiyanın parlaq obrazları ilə qarşılaşacaq, həmçinin rəqs dili ilə söylənilən yakut almazının yaranma əfsanəsinin necə ortaya çıxmasının şahidi olacaqlar.

Gülcahan