Mütəxəssislər kitabxanaların həm də kitab satışı mərkəzi kimi fəaliyyət göstərməsini təklif edirlər
   
   Ötən həftə Bakıda keçirilən II Beynəlxalq Kitab Sərgi-Yarmarkası ölkəmizin mədəni həyatında mühüm hadisə oldu. Sərgi-yarmarka kitabın oxucu ilə birbaşa əlaqəsi baxımından da maraqlı idi. Tədbirə göstərilən geniş ictimai diqqət oxucuların kitabdan uzaq düşməsi, mütaliəyə marağın azalması barədə zaman-zaman səslənən fikirlərin heç də həqiqətə uyğun olmadığını nümayiş etdirdi.
   
   Deməli, maraqlı, dəyərli kitab hər zaman oxucusunu tapacaq. Bəs oxucu kitabı necə əldə etməlidir? Bunun üçün daha çox kitabxanaya getməlidir, yoxsa kitab mağazalarına üz tutmalıdır? Bu suallar kitabın hazırlanması, nəşri ilə yanaşı, onun yayımı məsələsinin aktuallığını da ortaya qoyur.
   Ölkə kitabxanalarını kitab və çap məhsulları ilə təmin edən Respublika Kitabxana Kollektorunun müdiri Xavər Murtuzayevanın fikrincə, oxucu üçün başlıca şərt maraqlı, gərəkli olan kitabların nəşridir. Belə olduqda o, kitabı haradan olursa-olsun əldə edib oxuyacaq. Son illər əhalinin kitaba marağının artmasının müşahidə olunduğunu deyən mütəxəssis hesab edir ki, bu tendensiyanın davam etməsi üçün naşirlərin oxucu tələbatına əsasən çalışmalıdırlar: “Gərək naşirlər elə kitablar nəşr edib, elə qiymətlərlə təqdim etsinlər ki, oxucu da ona yaxın gedə, ala bilsin. Mən demirəm, ucuz və keyfiyyətsiz kitab bolluğu yaradaq. Sadəcə bazarı duymaq, kitabı almaq üçün cüzi vəsait nəzərdə tutan oxucunu hiss etmək lazımdır. Burada digər önəmli məqam kitabın mövzusu və tələbə əsaslanması məsələsidir. Sovet dövründə istər yerli, istərsə də müttəfiq respublikaların nəşriyyatları tərəfindən bizə illik tematik mövzu planları göndərilirdi və biz də oxucu sorğusunun təşkili üçün kitabxanalara göndərdiyimiz bu plan əsasında kitab sifarişi edirdik. Təbii ki, nəşriyyatlar da istehsallarını o plan əsasında qururdu. Belə olduqda artıq kitabın ünvanı da bəlli olurdu. Amma hazırda bu sistem demək olar ki, dayanıb. Naşirlər bizə hazır məhsulları təqdim edir və satışlarını onun əsasında qururlar. Təbii ki, bu da əksər halda nə oxucunu, nə də naşiri qane edir. Çünki kitab oxucunun tələbinə uyğun olmadığından alınmır, naşir də məhsulu əlində qaldığından maddi sıxıntılar yaşayır”.
   Respublikadakı 5000-ə yaxın kitabxananı yeni çap olunan kitab və kitabxana ləvazimatları ilə təmin edən qurumun rəhbəri kollektora təqdim olunan bu məhsulların incəliklə araşdırıldıqdan sonra alındığını deyir: «Bizdə əmtəəşünaslar var və onlar daxil olan kitabları ciddi şəkildə nəzərdən keçirir, onların mövzu və texniki keyfiyyətlərinə, eləcə də qiymətinə baxırlar və müvafiq tələbləri ödəyən kitabları alırıq. Çünki kitab xalqın maddi-mədəniyyətinin, mənəvi dünyasının aynası olmaqla yanaşı, onun dövlət siyasətinin də tərkib hissəsi kimi milli maraqlarına cavab verməlidir”.
   Bununla yanaşı, ümumilikdə kitabın oxucuya çatanadək keçdiyi yolda müəyyən problemlər də var: «Hazırda hər bir kitabxananın tərkibində kiçik də olsa satış üçün guşənin də təşkili məsələsi irəli sürülüb. Bu həm kitab satışının təşkili, həm də oxucunun istədiyi kitabı yerində əldə edə bilməsi üçün müsbət haldır. Çünki bilirsiniz ki, paytaxtdan fərqli olaraq rayonlarda kitab mağazaları şəbəkəsi zəifdir. Özü də müşahidələrimə əsasən deyim ki, kitab mütaliəsi paytaxta nisbətən əyalətdə daha yaxşıdır. Amma onların tələb etdikləri, maraq dairələrinə daxil olan kitablar azdır. Kitabxanalarda təşkil olunan satış guşələri daha çox həmin fəal oxucularımız üçün vacibdir».
   Bu il ərzində 47 adda kitab aldıqlarını bildirən müsahibimiz oxucuların elmi ədəbiyyata, habelə tarixi romanlara, detektiv və uşaq ədəbiyyatına daha çox maraq göstərdiklərini bildirdi.
   Bütün bunlarla yanaşı, onu da nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Deməli, kitab yayımı təşkilatları da işlərini bazar münasibətlərinə uyğunlaşdırmalıdırlar. Kitabın menecmenti üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin müəllimi Ramiz Həmidov bu işin müasir tələblərə cavab verməsi üçün görüləsi işlərdən danışdı: «Bunun çox sadə və əsas yolu kitab ticarəti mərkəzlərinin digər ticarət şəbəkələri ilə ayaqlaşmasıdır. Bu mağazaların avadanlıqları yenilənməli, mağaza həm daxildən, həm də xaricdən alıcıların (kitabsevərlərin) zövqünü oxşamalıdır.
   Kitab yayım təşkilatları işi elə qurmalıdır ki, bütün nəşriyyatlar onlarla işləməkdə maraqlı olsunlar. Bazar iqtisadiyyatının ən mühüm şərtlərindən biri rəqabətdir. Sağlam, işgüzar rəqabət olan yerdə işin nəticəsi də yüksək olar. Kitabsız, biliksiz heç bir xalqın gələcəyi yoxdur. Ona görə də biz bütün çətinliklərə baxmayaraq kitabı təbliğ və reklam edərək əhali arasında geniş yaymalıyıq. Bazar iqtisadiyyatı şəraitində kitab reklamı və təbliği qarşıya qoyulan məqsədi düzgün müəyyən edərək ona nail ola bilsin. Özü də bu işlə təkcə kitab ticarəti və yayımı ilə məşğul olanlar yox, bütünlükdə cəmiyyətin özü, onun ziyalıları məşğul olmalıdır».
   
   Həmidə Nizamiqızı