Hüseyn Arif və Mikayıl Azaflının yubileyləri necə qeyd olunacaq?
Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadə; 1924–1992) və ustad aşıq-şair Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924–1990) anadan olmasının 100 illik yubileyləridir.
Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Hüseyn Arif eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin yaradıcısıdır.
Mikayıl Azaflı isə böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad sənətkar kimi tanınıb. O, təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, həm də qaynar şair təbi ilə seçilib.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə söhbətimizin əsas mövzusu da hər iki sənətkarın yubileyi ilə bağlı idi. Həmsöhbətim il ərzində nəzərdə tutulan tədbirlər barədə ətraflı bəhs etdi.
“İşə gələndə elə bilirəm qarşıma Hüseyn Arif çıxacaq...”
“Hüseyn Arif Azərbaycanın unudulmaz saz-söz sərraflarındandır” deyən Məhərrəm Qasımlı şairin zəngin yaradıcılığından, Aşıqlar Birliyinin yaradılmasındakı xidmətlərindən danışdı: “Azərbaycan Aşıqlar Birliyi məhz Hüseyn Arifin qeyrətkeş fəaliyyəti nəticəsində 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayından sonra yaradılıb. Birliyin ilk sədri də Hüseyn Arif olub. O vaxt qurumun sədr müavini isə Mikayıl Azaflı idi. Birlik fəaliyyətə başlayandan sonra ilk olaraq Qazax, Tovuz, Şirvan, Borçalı və digər bölgələr üzrə aşıqlarla görüşlər keçirilərək onların ilkin siyahısı hazırlanıb. Təəssüf ki, Hüseyn Arifin fəaliyyətinin maraqlı bir dövrü gərgin bir vəziyyətə təsadüf etdi. 80-ci illərin sonunda SSRİ-nin içərisinə bir çaxnaşma düşdü və bu çaxnaşmadan Azərbaycan aşıqları da öz xoşagəlməz nəsibini aldı. Birinci növbədə, ata-baba yurdlarımız Göyçə və Dərələyəzdə ermənilər soydaşlarımızı doğma ocaqlarından didərgin saldılar. Nəticədə həmin ellərimizdə yaşayıb-yaradan bir çox aşıqlarımız da ellərindən uzaq düşdülər. Azərbaycan aşıqlarına ilk zərbə burdan dəydi. Həmin dövrdə Qarabağda müharibənin başlanması da Hüseyn Arifin səhhətinə çox mənfi təsir göstərdi. Buna baxmayaraq o, Qazax, Gədəbəy və Tovuz istiqamətində gedən döyüşlərdə iştirak edib, camaatı sərhəddə möhkəm durmağa, bütün gücü ilə torpaqları qorumağa çağırıb. Mən xatırlayıram ki, o zaman İmran Həsənov, Ədalət Nəsibov, Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov kimi ustad aşıqlar Hüseyn Ariflə birlikdə yeni formalaşan Odumuzda əhvali-ruhiyyəni yüksəltmək üçün yorulmadan çalışır, hərbçilərimizi qələbəyə səsləyirdilər. Hüseyn Arifin “Bir ovuc torpaqdan dönən deyiləm, Bir ovuc torpağa dönənə kimi” misraları da o zaman yaranmışdı. Yəni şair burda demək istəyir ki, düşmənin istədiyi bir ovuc torpaqdan da dönmərəm. Ta özüm əriyib torpağın içərisində bir ovuc torpağa dönənə kimi... Həqiqətən də, bunlar qeyri-adi misralardır. Bu fikirlərin ortaya gəlməsinin səbəbi Dədə Qorqud dünyasıdır, ozan dünyasıdır. Qurbaninin, Koroğlunun, Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq Ələsgərin düşüncəsi bu misraları ortaya gətirib. O bütün həyatı boyu aşıq sənətinin qoruyucusu oldu. Onlarla aşığa şeirlər yazdı:
Ağır toylar gördün, nişanlar gördün,
Mahaldan-mahala atını sürdün.
Gəlinlər gətirdin, qızlar köçürdün,
Çox nəmərlər aldın, ay Mirzə dayı.
Şairin Aşıq Mirzə Bayramova həsr etdiyi “Ay Mirzə dayı” şeirindəki bu bənd Azərbaycan ozan-aşıq mədəniyyəti, bütövlükdə Hüseyn Arifin könül və saz dünyasının tam mənzərəsini ortaya qoyur”.
Məhərrəm Qasımlının şairlə görüşlərindən xoş xatirələri var: “Hüseyn Arif Aşıqlar Birliyinin sədri olarkən onunla tez-tez görüşürdüm. O, adamla üzbəüz qaldığı zaman elə danışırdı, saz-sözlə bağlı duyğularını elə təqdim edirdi ki, adam öz-özünə aşıq, ozan olmaq istəyirdi...”.
AAB tərəfindən şairin 100 illiyi ilə bağlı keçiriləcək layihələr haqqında məlumat verən həmsöhbətim qeyd etdi ki, bir müddət öncə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının “Saz-söz axşamı” adlı verilişinin Hüseyn Arifə həsr olunmuş bölümü yayımlanıb. Verilişdə 10-dan çox aşıq şairin yaradıcılığından nümunələr səsləndiriblər: “Yubiley ilində Ağstafada və Tovuzda Hüseyn Arif günləri keçiriləcək. Son olaraq da payız fəslinə yaxın mərkəzi mədəniyyət ocaqlarının birində Hüseyn Arifin 100 illiyik yubiley gecəsi keçiriləcək. Ancaq onu deyim ki, Hüseyn Arif yubileydən-yubileyə yada düşən sənətkar deyil. Mən bu gün birliyin sədriyəm. Tam səmimiyyətlə deyirəm, hər gün işə gələndə elə bilirəm ki, qarşıma Hüseyn Arif çıxacaq, Zəlimxan Yaqub çıxacaq. Mən bir növ onların estafetini davam etdirirəm”.
Söhbət zamanı onu da öyrəndik ki, bu yaxınlarda AAB tərəfindən “Aşıq, bağrına bas sədəfli sazı” adlı saz və aşıqlarla bağlı şeir antologiyası nəşr olunub. Kitabda bir sıra görkəmli sənətkarlar, o cümlədən Hüseyn Arifin əsərləri yer alıb.
Azərbaycan aşıqlığının qoca qartalı
Mikayıl Azaflının saz-söz sənətindəki yerini qiymətləndirən Məhərrəm Qasımlı onu Azərbaycan aşıqlığının qoca qartalı kimi səciyyələndirdi: “Bu obraz ona aiddir. Mikayıl Azaflı illər boyu Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmış mücahid aşıqdır. Bu yolda o hətta həbs olunsa da, öz yolundan dönməyib. “Elə bir dərd varmı ki, çəkməmiş olam, Təbrizdə qardaşım, Sibirdə balam...” bu misralar ustad sənətkarın xalqa, Vətənə münasibətini ortaya qoyur. Müəllif “Təbrizdə qardaşım” deyəndə ikiyə bölünmüş Azərbaycanı, “Sibirdə balam” deyərkən isə 30-cu illər repressiyası zamanı sürgün olunan soydaşlarımızı nəzərdə tuturdu. Yəni bu baxış Mikayıl Azaflı yaradıcılığının ana xəttidir. Bu gün Türkiyəyə, Cənubi Azərbaycana getdiyimiz zaman aşıqların dilində bir ad xüsusi vurğulanır. O, aşıq Mikayıl Azaflıdır. Aşıq Ələsgər, Abbas Tufarqanlı, Qurbani də böyük sənətkarlarımızdır. Əfsanəvi obraz kimi dillərdə gəzənlərdən biri də Mikayıl Azaflıdır. Sənətkarın üzündən, sözündən nur yağırdı. O, camaatın içində elə gəzib-dolaşırdı ki, sanki canlı bir Dədə Qorquddur. Mən ilk dəfə onu görəndə sənətkarın təqribən 45 yaşı olardı. Mənə elə gəldi ki, qabağımdakı adamın 70-80 yaşı var. Zindan həyatı saçlarını vaxtından əvvəl ağartmışdı. Təsadüfi deyil ki, 1979-cu ildə Bakıda keçirilən Novruz bayramı şənliklərində xalqımızın müdriklik simvolu Dədə Qorqud obrazını ona həvalə etmişdilər”.
AAB-nin rəhbəri deyir ki, Mikayıl Azaflının mindən çox şeiri var. Təcnisin 30-a yaxın şəkli və 15-dək isə saz havası onun adı ilə bağlıdır. Sənətkarın yaratdığı “Azaflı dübeyti”, “Azaflı gəraylısı”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi” və s. kimi saz havaları dillər əzbəri olub. Bu havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi və təkrarsız melodik zənginliyi var. Onun musiqi təhsili olmasa da, Allahın verdiyi istedad nəticəsində qeyri-adi mahnılar, havalar hazırlayıb. Azərbaycan aşıqlığının XX yüzillikdəki ən böyük simalarından biri istisnasız olaraq Mikayıl Azaflıdır.
AAB tərəfindən sənətkarın 100 illiyi ilə bağlı “Ağarmayın, ay saçlarım, amandı...” adlı kitab hazırlanıb. TÜRKSOY-un dəstəyi ilə Türkiyədə çap olunacaq kitabda aşığın 100 seçmə şeiri toplanıb. Kitab nəşr olunduqdan sonra TÜRKSOY tərəfindən əsərin Türkiyədə və ölkəmizdə təqdimatı nəzərdə tutulub. Bundan əvvəl isə TÜRKSOY-un xətti ilə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı kitab nəşr olunmuşdu: “Mədəniyyət” kanalında Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə ayrıca veriliş hazırlanıb nümayiş olundu. İyun ayında isə Tovuz Xeyriyyə Cəmiyyəti tərəfindən aşığın doğulduğu Azaflı kəndində büstünün qoyulması nəzərdə tutulub. Həmçinin Tovuzda və Bakıda sənətkara həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır”.
Aşıqların növbəti qurultayı nə vaxt olacaq?
AAB-nin cari fəaliyyəti haqqında da məlumat verən müsahibim vurğuladı ki, hər həftə “Mədəniyyət” kanalında birliyin xətti ilə “Saz-söz axşamı” adlı veriliş efirə gedir. Birlik tərəfindən yaxın vaxtlarda “Qərbi Azərbaycan aşıqları” adlı antologiya çap olunub. 500 səhifəlik kitabda İrəvan, Zəngəzur, Göyçə və Dərələyəz aşıqları haqqında məlumat yer alıb.
Bundan başqa, “Aşıq dastanları” adlı üçcildlik antologiya nəşrə hazırlanır. Kitabın I cildi üzərində işlər başa çatmaq üzrədir. Təqdim olunan dastanlar son illərdə ustad aşıqların dilindən və repertuarından yazıya alınıb. Təqribən otuza yaxın dastanın yer alacağı bu antologiyada XXI əsrin ilk rübündə saz-söz aləmində xidmətləri olan Arif Əsgərov, Hüseyn Qoşqarlı, Məmməd Bozalqanlı, Ürfan Əli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Elbrus Hüseynov, Şöhrət Kərimov, Elməddin Məmmədli, Ağamurad Şirvanlı, Elman Talıstanlı, Babək Şakirli, Şəhriyar Qaraxanlı və başqalarının söylədikləri dastanlar canlı ifadan yazıya alınaraq lüğət və şərhlərlə birlikdə oxuculara təqdim olunacaq. Antologiyanın birinci cildində doqquz dastan yer alır. Bu dastanlar təkcə sözlə yazıya alınmayıblar, hər birinin audio və video mətnləri var.
Bu il anadan olmasının 150 illiyi tamam olan Aşıq Əsəd Rzayevə (1874–1951) həsr olunan televiziya verilişi də hazırlanıb və yaxın günlərdə efirə gedəcək.
Azərbaycan aşıqlarının qurultayı məsələsinə toxunan AAB sədri söylədi ki, qurultay beş ildən bir keçirilir: “Pandemiyaya görə qurultay ləngiyib. Bu il və ya gələn il aşıqların növbəti qurultayının təşkili nəzərdə tutulur. Yaxşı olardı ki, qurultay ərəfəsində bir sıra aşıqların əməyi qiymətləndirilsin”.
Son olaraq AAB-nin üzvləri haqqında məlumat verən Məhərrəm Qasımlı dedi ki, hazırda qurumun 450-dən çox üzvü var. Birliyə üzv olmaq üçün namizədə ustad sənətkarlardan iki nəfər zəmanət verir. O zəmanət əsasında komissiya tərəfindən müraciətə baxılır və onlara üzvlük verilir.
Nurəddin Məmmədli