28 iyun – 28 iyul tarixlərində İtaliyanın Genuya şəhərində növbəti “Nervi Rozza Music Ballet Festival” keçiriləcək. 1955-ci ildə əsası qoyulan festival dünya balet sənəti ilə bağlı mötəbər incəsənət layihələrindən hesab olunur. Azərbaycan balet sənəti tarixində ilk dəfə ölkəmiz də Avropada bu mötəbər festivalda iştirak imkanı qazanacaq.

Aprelin 17-də Genuya şəhərində beynəlxalq festivala həsr olunmuş mətbuat konfransı keçirilib.

Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, şəhərin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini, “Ariosi Management” agentliyinin direktoru Alesandro Ariosi və başqa şəxslərin qatıldığı mətbuat konfransında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti, dünyaşöhrətli opera ifaçısı Yusif Eyvazov da iştirak edib.

Tədbirdə festival haqqında media nümayəndələrinə ətraflı məlumat verilib.

Festivalın ev sahibi – “Opera Carlo Felice” Teatrının rəhbərliyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını bu mötəbər festivalda iştiraka dəvət edib.

Xalq artisti Yusif Eyvazov mətbuat konfransında çıxış edərək festivala dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. Ölkəmizdə incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışan Y.Eyvazov deyib ki, məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrları tərəfindən səhnəyə qoyulan Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti bu dəfə Nervi festivalında nümayiş olunacaq. Tamaşada Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri ilə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri də çıxış edəcəklər.

Y.Eyvazov həmçinin diqqətə çatdırıb ki, rəhbərlik etdiyi teatrın kollektivi 115-ci mövsümündə xarici qastrol səfərlərinə Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalında Fikrət Əmirovun dünyaşöhrətli “Min bir gecə” baleti ilə başlayacaq.

Yaradıcı heyət daha sonra İtaliyanın Genuya və Verona (“Arena de Verona” səhnəsi) şəhərlərində milli balet nümunələri ilə yanaşı, dünya klassik baletinin incilərindən sayılan P.İ.Çaykovskinin “Qu gölü” əsərini də təqdim edəcək.