Olaylar, faktlar (19–23 aprel)

 

23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında Vilyam Şekspir və Migel de Servantesin xatirəsinə (23 apreldə vəfat ediblər) ehtiram olaraq təsis edilib.

 

616 il əvvəl...

 

21 aprel 1408-ci ildə Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Əmir Teymurun (1405-də vəfat etmişdi) oğlu Miranşahın qoşunlarını məğlub edib. Miranşah öldürülüb, Azərbaycan torpaqlarında Teymurilərin  hökmranlığına son qoyulub.

 

241 il əvvəl...

 

19 aprel 1783-cü ildə II Yekaterina Krımın Rusiyaya birləşdirilməsi barədə manifest imzalayıb. 1768–1774-cü illər müharibəsində Rusiyaya məğlub olan Osmanlı dövləti Krıma nəzarəti itirmişdi.

 

126 il əvvəl...

 

21 aprel 1898-ci ildə İspaniya ilə ABŞ arasında müstəmləkələrin bölüşdürülməsi ilə bağlı müharibə başlayıb. ABŞ üç ay sürən müharibədə Kuba, Puerto-Riko və Filippini ələ keçirdi.

 

106 il əvvəl...

 

22 aprel 1918-ci ildə Zaqafqaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı deputatların fraksiyasına (44 nəfər) M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başçılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Yusifbəyli, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı. Mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.

 

104 il əvvəl...

 

23 aprel 1920-ci ildə Atatürkün başçılığı altında Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk toplantısı açılıb. TBMM-in yaradılması ilə Türkiyədə yadelli işğalçılara qarşı Qurtuluş savaşı mühüm mərhələyə qədəm qoydu. Cümhuriyyət qurulandan sonra Atatürkün tövsiyəsi ilə 23 aprel Türkiyədə “Milli Müstəqillik və Uşaq Günü” elan edildi.

 

46 il əvvəl...

 

21 aprel 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.

 

25 il əvvəl...

 

23 aprel 1999-cu ildə NATO-nun Vaşinqton sammitində keçmiş sosialist ölkələri Çexiya, Polşa və Macarıstanın alyansa qəbulu mərasimi keçirilib. NATO-nun Şərqə doğru genişlənməsi başlanıb.

 

6 il əvvəl...

 

20 aprel 2018-ci ildə Prezident İlham Əliyev “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Hazırladı: V.Orxan