Aprelin 20-də Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlunun (1861–1944) vəfatının 80-ci ildönümü tamam olur.
Vaxtilə “Azərbaycan musiqi folklorunun canlı ensiklopediyası” kimi qiymətləndirilən Cabbar Qaryağdıoğlu ömrünün 70 ilini sənətə həsr edib. Dünyaya göz açdığı Şuşanın muğam-sənət mühitindən qor alan sənətkar fövqəladə istedadı, məlahətli səsi ilə musiqi mədəniyyətimizə parlaq səhifələr yazıb.
Görkəmli tarzən Sadıqcanın təklifi ilə Şuşada təşkil edilən xeyriyyə gecəsində oxuduğu “Heyratı”nın əks-sədası tezliklə Gəncəyə, Şamaxıya, Bakıya yayılır. Hətta ona Orta Asiyadan, İrandan dəvətlər gəlir.
1897-ci ildə Ə.Haqverdiyev tərəfindən Şuşada hazırlanan “Məcnun Leylinin qəbri üstündə” musiqili səhnəciyində Məcnun rolunu oynayan xanəndə bununla, əslində, sənət taleyinin Azərbaycan professional səhnəsinə bağlanacağının sorağını vermişdi...
O, ifası ilk dəfə qrammofon valına yazılan azərbaycanlı xanəndə kimi də sənət tarixinə düşüb. Şöhrəti Vətənimizin sərhədlərini aşan görkəmli musiqiçilər nəslini yetişdirib. Sözün bütün mənalarında yaradıcı olan C.Qaryağdıoğlunun 30-dan çox mahnısı Ü.Hacıbəyli və M.Maqomayev tərəfindən nota salınıb.