Türkiyədən Azərbaycana gəlmiş bir qrup turist Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeydən bildirilib ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət müşavirliyinin xətti ilə təşkil olunmuş ziyarət zamanı qonaqlar klassik və müasir Azərbaycan ədəbiyyatının sərgiləndiyi ekspozisiya zallarını gəzib, muzeyin tarixi haqqında məlumat əldə ediblər. Onlara muzeyin əməkdaşları Gülnar Əqiq və İnarə Səfiyeva bələdçilik ediblər.
Qonaqlar “Kitabi-Dədə Qorqud” dastanının tapılması və dünyada tədqiqinə, Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı ilk tükcə-ərəbcə sözlük olan “Divanü lügat-it türk”, Yusif Xas Hacibin “Kutadqu-bilik” kimi türk xalqlarının yaratdığı ədəbi abidələrə həsr olunmuş ekspozisiya guşələri ilə tanış olublar. Mütəfəkkir şair Mövlana Cəlaləddin Rumiyə, XIII-XIV əsrin sufi şairi Yunus Əmrəyə, İslam dünyasının böyük alimi Nəsirəddin Tusiyə həsr olunmuş ekspozisiya zalları, xüsusilə Yunus Əmrə ilə Molla Qasım Şirvani haqqında xalq arasında dolaşan rəvayət ziyarətçilərin marağına səbəb olub.
Sonra “İstiqlal” zalında muzeyin direktoru akademik Rafael Hüseynov qonaqlarla görüşüb. O, zalın tarixçəsi barədə məlumat verib, bildirib ki, bu salon vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının öz iclas və görüşlərini keçirdikləri məkan olub. Buradakı eksponatlardan biri də Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzar daşıdır. Direktor Fransada mühacir həyatı yaşamış görkəmli şəxsiyyətin Parisin Sen-Klu qəbiristanlığında yerləşən məzarının aşkar edilərək Azərbaycan dövləti tərəfindən təmir etdirildiyini, qəbirüstü abidəsinin qoyulduğunu, əvvəlki məzar daşının isə Bakıya gətirildiyini və Ədəbiyyat Muzeyinin ekspozisiyasında nümayiş etdirildiyini bildirib.
Akademik Türk dünyasını birləşdirən ortaq dəyərlərdən birinin də mədəniyyət və ədəbiyyatın olduğunu söyləyərək Türkiyə ilə Azərbaycan arasında bu sahədə gündən-günə sıxlaşan əlaqələrin əhəmiyyətini vurğulayıb.
Sonda Türkiyə səfirliyinin nümayəndəsi və digər qonaqlar maraqlı ekskursiyaya və xoş münasibətə görə minnətdarlıqlarını bildiriblər.