Latın qrafikası ilə kütləvi nəşrlər haqqında sərəncamdan 20 il ötür...

 

Qədim zamanlardan Azərbaycan dünyanı öyrənmək təşnəsi ilə tanınmışdır. Bu da zaman-zaman kitabxanaların yaranması, onların zənginləşdirilməsi və inkişafı ilə şərtlənmişdir.

Bir dövrün digəri ilə əvəz olunması istər-istəməz kitabxanaların metodoloji, elmi və hətta onların binalarının memarlığı baxımından təkmilləşdirilməsi zərurətini doğurmuşdur. XIX əsrin 90-cı illərində görkəmli siyasi xadim, maarifçi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda dövrün tələblərinə cavab verən ilk ictimai kitabxana-qiraətxananın yaradılması məhz bununla bağlı idi. 

Azərbaycan kitabxanaları ötən əsrin 1970–80-ci illərinin əvvəllərində Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə yüksək mərhələyə çatmışdı. Həmin illər kitabxanaların həm şəhər, həm də kənd əhalisinin həyatına daxil olması ilə xarakterizə olunurdu. Bu sahədə aparılan mərkəzləşdirmə 1979-cu ilə qədər həm şəhər, həm də rayon səviyyəsində bütün kitabxana sistemini əhatə etdi. Bir çox şəhər, rayon mərkəzi kitabxanaları nümunəvi (ixtisaslaşdırılmış) binalarda yerləşdirildi, kənd kitabxanaları abadlaşdırıldı, əksər kəndlərdə kitabxanalar yaradıldı. Bakının, demək olar ki, bütün qəsəbələrində yeni kitabxanalar açıldı.

Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı xalqın mədəni həyatının yenidən  dirçəlişinə, o cümlədən Azərbaycanda kitabxana işinə təkan verdi. Hərbi-siyasi, sosial-iqtisadi baxımından dövlətimiz üçün mürəkkəb olan dövrdə Ulu öndər gərgin iş qrafikinə baxmayaraq, dörd dəfə M.F.Axundzadə adına Azərbaycan Dövlət Kitabxanasını (Milli Kitabxana) ziyarət etmişdi. Ümummilli lider şəxsi kitabxanasından Milli Kitabxanaya hazırda onun fondunda qayğı ilə qorunub saxlanılan 300-dən çox nəşri hədiyyə etməsi də kitabxana işçilərinin əməyinə hörmət və diqqətinin əlaməti idi.

O, kitabxanaya və kitabxanaçıların əməyinə yüksək dəyər verərək demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün  müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir… Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”.

Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə bu sahədə fundamental qanunvericilik bazasını yaradan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Gözəl təchiz olunmuş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının yaradılması da kitabxana sahəsinə olan əskilməyən diqqətin bariz göstəricisi oldu.

Ulu öndərin bu sahədə siyasəti öz davamlılığı ilə Prezident İlham Əliyev tərəfindən kitabxana-informasiya fəaliyyətinin idarə edilməsi proqramına təbii şəkildə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı kitabxana fondlarının inkişafına yönəldilmiş müstəsna əhəmiyyətli addım idi.

20 ili tamam olan bu sərəncam əsasında ölkəmizin respublika əhəmiyyətli kitabxanalarına, kütləvi kitabxanalara, təhsil müəssisələrinin kitabxanalarına, tabeçiliyindən asılı olmayan digər kitabxanalarına hədiyyə edilən Azərbaycan və dünya klassiklərinin əsərlərinin, lüğət və ensiklopediyaların 2005–2008-ci illərdə 25 və 10 min nüsxə tirajla nəşrinə başlandı. Nəfis şəkildə nəşr olunmuş kitablar şəhər, rayon mərkəzi kitabxanalarının hər birinə on nüsxə, kitabxana filiallarına isə iki nüsxə olmaqla verildi.  27 dekabr 2004-cü il tarixində “2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncam imzalandı ki, bu da kitabxana fondlarının Nizami, Xaqani, Füzuli, Nəsimi, Vaqif, Natəvan, eləcə də M.Ş.Vazeh, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Ə.Şirvani, M.Ə.Sabir, N.Nərimanov, C.Cabbarlı, A.Şaiq, H.Cavid, M.Müşfiq, S.Vurğun, Ə.Vahid, S.Rüstəm, H.Arif, S.S.Axundov, B.Vahabzadə, C.Novruz, İ.Əfəndiyev, M.Araz və digər yazıçı-şairlərin əsərləri ilə zənginləşməsinə səbəb oldu. Azərbaycan dilində kiril qrafikalı kitabxana fondları qısa müddət latın qrafikada nəşrlərlə yeniləndi və çoxsaylı oxucularını tapdı. Bu, dünya kitabxana tarixində analoqu olmayan təcrübə idi.

Eyni zamanda Prezident İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli Sərəncamı sayəsində kitabxana fondlarında saxlanılan nəşrlərin coğrafi sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Azərbaycan oxucularının dünya ədəbiyyatı klassikləri, eləcə də müasir bestsellerlər haqqında bilik dairəsi C.London, Q.Flober, A.S.Puşkin, M.Y.Lermontov, M.Prust, G.Qrass, Stendal, C.Faulz, H.Uels, E.Umberto, B.Pasternak, E.Po, O.Pamuk, Ç.Aytmatov və s. kimi ədiblərin əsərləri hesabına artdı. “Dünya ədəbiyyatı kitabxanası”nın 150 cildlik nəşri də kitabxanalara hədiyyə olundu.

Sözügedən sərəncamlarla Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə də 51 min 716 nüsxə kitab hədiyyə edilmişdir.

Prezidentin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli Sərəncamı da respublikada kitabxanaçılığın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Sərəncamda Azərbaycan kitabxanalarına yüksək dəyər verilir: “Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır”.   

Bu tarixi sənəd Azərbaycan xalqının əsrlər boyu milli irsi olan Azərbaycan kitabxanalarının dəyərini təsbit etdi, onların cəmiyyətin həyatında rolunu və əhəmiyyətini aydın və ardıcıl şəkildə müəyyənləşdirdi. Sərəncamda Azərbaycanda əhaliyə xidmət edən və müxtəlif kateqoriyalara aid olan 12 min müxtəlif tipli kitabxananın olduğu, eyni zamanda erməni işğalı nəticəsində fondlarında dörd milyondan çox kitabı olan minə yaxın kütləvi kitabxananın dağıdıldığı qeyd olunmuşdu. Sərəncam Milli Kitabxananın müasirləşdirilməsi, regionlardaki kütləvi kitabxanaların inkişafı planlarının işlənib hazırlanması və “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılmasına təkan verdi.

Prezident Kitabxanasını ziyarət edən dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu kitabxananın informasiyalaşdırılması prosesi ilə ətraflı maraqlanmış, kitabxananın nadir fondunda saxlanılan kitablarla tanış olmuşdurlar. Akademiya şəhərciyinin ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası üçün müasir, tam təchizatlı binanın tikilməsi də kitabxana işinə dövlət tərəfindən diqqətin göstəricisi idi.

Azərbaycanın mədəni irsinin müasir elmi-texniki və texnoloji tərəqqi tempinə uyğunlaşdırılması yeni kitabxanaların tikilməsini və mövcud kitabxanaların müasirləşdirilməsini də özündə ehtiva edir. Bu kontekst Prezidentin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı”nın təsdiq edilməsi haqqında” 27 fevral 2006-cı il tarixli Sərəncamı ilə əhəmiyyətli dərəcədə aktuallaşdı. Qısa müddət ərzində Nardaran, Maştağa, Ramana, Kürdəxanı, Binəqədi, Lökbatan, Sahil, Sanqaçal, Qobustan, Mərdəkan, Qala, Buzovna, Şüvəlan qəsəbələrində mövcud kitabxanalar təmir və təchiz olundu, Binə qəsəbəsində yeni kitabxana inşa edildi.

Müstəqillik tariximizdə ilk dəfə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi kitabxanalarda modernləşdirmə və təmir işlərinin aparılmasına səbəb oldu. İnternet şəbəkəsi bütün şəhər və rayon mərkəzi kitabxanalarını əhatə etdi. Kitabxanaların bir çoxunda elektron kataloqlar və elektron kitabxanalar, bütün şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin veb saytları yaradıldı. 10 mindən çox elektron kitabı özündə cəmləşdirən “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” yaradıldı.

Milli Kitabxanada, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Respublika Elmi-Texniki Kitabxanasında, Respublika Elmi-Tibb Kitabxanasında, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, C.Cabbarlı adına Gənclər Kitabxanasında, Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Universitetinin,  Azərbaycan İlahiyyat İnstitutunun, Ədliyyə Akademiyasının kitabxanalarında, bir çox şəhər və rayon mərkəzi kitabxanalarında kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi həyata keçirildi.

2008-ci ildən ənənəvi olaraq may ayında şəhər və rayonlarda Ulu öndərin anadan olması münasibətilə ənənəvi kitab bayramları keçirildi. “İlin kitabxanası”, “İlin kitabxanaçısı”, “İlin ən yaxşı Mərkəzi Kitabxanası”, “İlin ən yaxşı kitabxana filialı” nominasiyaları üzrə müsabiqələr təşkil olundu. Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda bir neçə beynəlxalq kitabxana konfransı təşkil edildi, Azərbaycan kitabxanaçıları beynəlxalq kitabxana forumlarında iştirak və çıxış edirdilər. Bundan əlavə, kitabxana-informasiya sahəsinin inkişafına dair yeni kitablar nəşr edildi, “Azərbaycanın kitab abidələri”nin Dövlət reyestrinin yaradılması işinə başlanıldı. İlk dəfə “Azərbaycan kitabxana ensiklopediyası” nəşr olundu.

Prezident İlham Əliyevin Azərbaycan xalqının maariflənməsi, intellektual və sivil inkişafı üçün göstərdiyi diqqət və qayğının daha bir təzahürü kimi 24 iyun 2023-cü il tarixdə imzaladığı “Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı başda olmaqla, Milli Kitabxananın yubileylərinin qeyd edilməsi də Azərbaycanda bəşəri idrakın mühüm mənbələrinin var olmasının çoxəsrlik tarixini ümumiləşdirən əlamətdar məqamlardır.

Lətifə Məmmədova
Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru