Əvvəlcə bu qorxunu canında gəzdirən Xuraman xanım haqqında oxuculara kiçik məlumat. O, Bərdə rayonunun Mollalı kəndində müəllim ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsini bitirib. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü olan Xuraman İsmayılova «Həsrət», «Qəribəm bu dünyada», «Dünya mənsiz darıxacaq», «Tənha yollar yolçusu», «Duyğuların üsyanı», «Qarabağım, qəm ocağım», «Könlüm Qarabağdadı», «Anasız qalan dünyam», «Bərdə və bərdəlilər» və s. kitabların müəllifidir. Hazırda «Quba və qubalılar» kitabı üzərində çalışır.
Yaxın dostlarımın sırasında öz yeri olan Xuraman İsmayılovanın poetik dünyasından ilk dəfədir ki, söz açıram. Onun şeirlərinin qəribə bir təsir gücü var. Sanki Qara Qarayevin «İldırımlı yollarla» baletinin qeyri-adi musiqi sədalarının altına düşərək quş kimi harasa qanadlanıram. Bu uçuşun son nöqtəsində Xan Şuşinskinin könül odlayan səsini eşidirəm. Əlimi uzadıram. Nə Şuşaya çatıram, nə Cıdır düzünə, nə də dağların belinə dolanaraq ana yurduma uzanan yola çıxa bilirəm. Ayılıb görürəm ki, yuxudur. Əlimdə də Xuramanın hansısa kitabı. Məni yuxulatmır ha onun şeirləri. Sadəcə xəyalımı uzaqlara aparır, məni özümdən ayırır, ruhum bədəndən qanadlanır. Mürgülü günlərim oyanaraq nitqimi kəsir.
İllərdir ki, o, açılmayan sabahların qorxusunu yaşayır. Bu ağır ovqatın vahiməsini minbir əzabla varlığında gəzdirir. Əllərini göyə açaraq İlahiyə yalvarır:
Dilimdə ağılar, laylalar ölür,
Qəlbimin həvəsi, istəyi sönür.
Nifrətim düyülüb yumruğa dönür,
Şuşasız illəri yada saldıqca.
Bax, budur onu illər boyu için-için ağladan. Həsrəti ürəyindən çəkərək karvan-karvan yollara düzən, amma əlləri heç hara çatmayan Xuraman xanım. O qədər həssas, duyğulu və qeyri-adi bir ürək sahibidir ki, inanmaq istəmir, istəmir əlimizdən alınmış doğma yurd yerlərində günəş doğa bilər, səhər açılar. Ona elə gəlir ki, doğma sakinləri pərən-pərən düşəndən sonra heç günəş də o yerlərə şəfəq saçmır, aylı, ulduzlu gecələr də olmur. Nə qədər ki bizim torpaqlarda bədnam qonşularımızın şər əməlləri qan əkir, eləcə zülmətə bürünüb o yerlər... Çəkdiyi bayatıların ünvanı vətəndir. Paralanmış, didilmiş doğma övladlarından imdad gözləyən vətən!
Bu Şuşa yarası, Laçın yarası,
Bu Ağdam, Füzuli, Xocalı yası.
Hanı, bu yurdların igid balası,
Anam torpaq axı, sizə üz tutur.
Xuramanın özü mənə yazda tufana düşmüş bənövşəni xatırladır. Gözlərində ürəyi oxunur. Hərdən fikirləşirəm ki, bu zərif varlıqdan bu dərəcə qəzəb püskürür, həsrət dilə gəlir, fəryad dil açır. Bunlara necə dözür, o? Elə zəngin daxili dünyası, bəlkə də çoxunda olmayan fərqli məziyyətləri var ki;… Sədaqətli dostdur, əsl vətəndaşdır, cəfakeş anadır, sevimli nənədir, işinin peşəkarıdır, sənətinin vurğunudur. Özünəməxsus poetik dünyası var və nəhayət, bütün varlığı ilə əsl Azərbaycan xanımının əxlaq kodeksidir. «Mən» adlı bir şeirində misraların gücünə özünün portretini dolğun naxışlayıb:
Ürəyi dərd yüklü,
Çiyni fikir şələli,
Bəxt yaxası düyməli,
Ömrü ölüm qoxulu,
Başı qəm buludlu,
Boynu buruq, bükülü,
Çox dözümlü dağam mən.
Kim deyir ki, sağam mən?
Nədir onu belə bədbin ovqatda dilləndirən? Yağılar tapdağında əzilən vətən torpağının dərdi, neçə ildir Şuşadan dərə bilmədiyi Xarı bülbülün nisgili. Bu səbəbdən də qələmində ağrılı misralar dil açır:
Xəyalım hər axşam Cıdır düzündə,
Atını oynadır qəmdən xəbərsiz.
Uyuyur Şuşamın ana dizində,
Ağrıyla açılan dandan xəbərsiz.
Budur, onu illər boyu göynədən. Hərdən özünü də qınayır: «Məndən qeyrətliymiş şair xəyalım, baş çəkir vətənə məndən xəbərsiz». Baş çəkir ki, Ağdamda «Segah»la başlanan toyları görsün, Qubadlıda, Kəlbəcərdə oxuyan turacları, tərlanları seyr etsin. Amma hər şey tərsinə olur. O yerlərdə səhər doğulmur ki? Zülmətdən nə seçə bilər ki? Gərəkdir ki, qoşun gedə, oğullar döyüşə qalxa, düşmənin layiqli yerini göstərələr, ilanı yuvasındaca boğmaq gərəkdir. Heç bu ilanın yuvası da yoxdur axı?! Elə ona görə də «həsrətdən çatlayan ana torpağın bağrında yaradır yağının izi». Xuraman xanıma elə gəlir ki, düşmən əsarətində saralan doğma yurd yerləri də gecə-gündüz göz yaşı tökərək övladlarını haraylayır. Məni bu yağıların əlində xilas edin - söyləyir. Bu səbəbdən də çəkdiyi bayatılarda qəribə bir nisgil yırğalanır:
Arzumu yürüdən yox,
Ölüyəm, diridən çox.
Onun da mənim kimi
Göz yaşın qurudan yox.
Könlünün qəm buludunu misra-misra ağ kağızlara yağdıraraq göyərtdiyi söz çəmənində görün nə bitirir bizim şair dostumuz:
Uzun yol yerimişəm,
Ağlayıb kirimişəm.
Baxma üzüm güləşdir,
İçimdən çürümüşəm.
Allah eləməsin, ay Xuraman xanım. Sizin kimi qələm sahibləri bizə çox lazımdır. Ən azından ondan ötrü ki, sizin yazdıqlarınızı oxuyaraq düşünək, özümüzə gələk, varlığımızdan qanadlanan ruhun arxasınca gedərək vətəndə qərar tutaq. Ürəyin dərdlə doludur, bilirəm. İllərdir vətən həsrətinin itkisinə dözə bilmirsən, bilirəm. Bu yara qan verir, bilirəm. Çünki mən də elə sən gündəyəm. Ona görə də:
Sünbülün dən-dən olsun,
İçdiyin zəmzəm olsun.
Dərdi qanana söylə
Anlayıb həmdəm olsun.
Heç ola bilməz ki, şər bu qədər güclü çıxsın, namərd mərdə qalib gəlsin, haqq min arşın quyunun dibində gizli qalsın, haram halalı üstələsin. Dinindən, imanından, millətindən, faydalı-faydasız əməlindən asılı olmayaraq hər bir kəs Allah bəndəsidir. Onun allahsızlığını da, qansızlığını da, zalımlığını da, ədalət və insanlığını da, zülmkar və rəhmdilliyini də İlahi görür! Törədilən bütün bəd əməllərin, həyata keçirilən xeyirxahlıqların əsl qiymətini, dəyərini, hətta cəzasını Allah heç zaman əskik etmir. Ona görə də ümid yollarından geri çəkilmə. Bir də ki böyük Məmməd Araz deyərdi: «Kövrəklik olmayan yerdə heyrət, heyrət olmayan yerdə kəşf yoxdur».
Bax, elə bu istəklə sənin yaradıcılığına üz tutanda mən dostumdan çox incə rübablı, kövrək duyğulu bir şairi - Xuraman İsmayılovanı kəşf etdim. Bəlkə etiraz edib deyə bilərsən ki, bir dost olaq, daha yaxşıdır. Bilirsənmi, əzizim, sən dostluğun duz yükünü sulardan və suallardan salamat çıxarmağı bacardın. Bir arzunun çevrəsində döyünən altı ürəyik (nədən bəs yeddi olmasın?). Hansımıza bir xoş olmayan hadisə üz versə, bir sərkərdə kimi haraylayıb bizi yürüşə apararsan. «Birimiz hamımız üçün, hamımız birimiz üçün» şüarı dilinin əzbəridir. Hərdən də zarafat edirik ki, «ay Xuraman, bu, lap kommunizmin şüarına oxşayır». Etirazını bildirərək «quruluşun nə dəxli var?» Mənəviyyatın zənginliyindən xəbər verən hər şey gözəldir.
Xuramanın yaradıcılığında baş qəhrəmanlardan biri də ana obrazıdır. Bu müqəddəs varlığı itirəndən sonra şairin «Anasız qalan dünyam» adlı kitabı çapdan çıxdı. Elə həmin toplunun cildindəki misralarda üzünü bütün millətə tutaraq öz alqışını dilə gətirdi:
Heç kim yetim qalmasın,
Körpələr gül tək solmasın,
Həyat anayla gözəldir,
Dünya anasız olmasın.
Amin! Amma haqdan gələn qanunu kim poza bilib ki? Olumla başlayıb ölümlə sona çatan bu vəfasız dünyada yaxamızı çox əzizlərimizin itkiləri tanıyıb. Əsası odur ki, biz unutmayaq. Unutmayaq ki, bizdən sonra gələnlər də nəcibliyimizdən, etibarımızdan nümunə götürərək bizi də yad edib xatırlasınlar. Analar sadəcə vəfat etmirlər. Onlar ömür adlı karvanı bu dünyadan çəkərək məkanlarını dəyişdirirlər, qəlbimizə köçürlər. Çox sevdiyim digər şair xanım Sona Vəliyevanın anaya ünvanladığı bir nisgilli şeirindəki fikirlər elə xoşuma gəlib ki, ruhumdan çəkilmir:
Bitdi o nağılım, bitdi,
Mən ölüncə əmanətdi,
Əlini mənə verdi getdi,
Balamı əzizləyim!
Doğrudan da, biz heç zaman anamızın haqqını qaytara bilmirik. Yalnız öz övladlarımızın yolunda çəkdiyimiz zəhmətdə bu borcu yerinə yetirmiş oluruq. Xuramanın da ana ünvanlı şeirlərində bir həzin dərd dilə gəlir:
Həsrəti yollara su tək çiləyən,
Atamı sarsıdan, qəddini əyən,
Qəlbimizdə quzu tək yanıb, mələyən,
Anamın yoxluğu, həsrəti imiş.
İndi elm də sübut edir ki, insan ildə bir dəfə doğulduğu yerdə mütləq olmalıdır ki, ili sağlam başa vura bilsin. Çünki hər kəsin kodu öz doğulduğu doğma yerlərə bağlıdır. Enerjini və gücü də ordan alır. Xuramanın «Kəndimə» adlı şeirindəki hissləri təbii və təsirlidir:
Bu yay gələmmədim isti qoynuna,
Bəlkə ona görə soyuyur təbim,
Qol sala bilmədim doğma boynuna,
Bəlkə ona görə oyulur qəlbim?
Xuraman haqqın dərgahında əyilməyi, şükür etməyi bacaran dəyanətli bir xanımdır. Onun bu mənəvi gözəlliyi şeirlərində də öz əks-sədasını tapır. Bu vəhdəti və ünsiyyəti yarada bildiyi üçün poetik dünyasının bəhrəsi olan şeirləri də oxucu ürəyində yurd sala bilir. Bu yurdun da coğrafi məkanı çox geniş olur. Nədən və necə yazmağından asılı olmayaraq Xuramanın şeirlərində səmimilik var. Qafiyə və vəzn xətrinə, yazmaq naminə doğulmayıb bu şeirlər. Həqiqətən də Xuramanın müəllifi olduğu kitabların hər birində əsl şair ürəyinin döyüntüsü eşidilir. Xuraman istedadlı qələm sahibidir. Şairlik üçün yox, məhz şair olduğu üçün yazanlardandır! Yurda bağlılıq, vətən sevgisi, doğmalarının həsrəti, gözəlliyin vəsfi, övladlarının qürur doğuran həyatı, nəvəsinin sevinci, dostlarının uğuru şeirlərində misra-misra çiçəkləyir. Onun şeirlərini elə beləcə oxumaq olmur. Göz üçün yox, ürək üçün dünyaya gəlmiş bu şeirlərin ahəngində elə bir cazibə var ki, sənin yaxandan tutub haralaracan aparmaz?! Bax, bu doğmalığına, yaxınlığına görə də şeirlərdəki bədii güc bu poetik düşüncələrə bir əbədilik gətirir. İnsanı özündən sonra sözü yaşadır. Allah uzun ömür versin mənim şair dostuma. Qələmi həmişə ovxarlı, qəlbi həmişə dolu olsun.
Flora Xəlilzadə,
yazıçı-publisist