Filarmoniyada layihənin konserti keçirilib

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-24 aprel tarixlərində “Fərəc Qarayevin portreti” adlı layihə həyata keçirilir. Layihə bəstəkarın 80 illik yubileyi münasibətilə gerçəkləşir.

Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, pedaqoq Azərbaycanın Xalq artisti Fərəc Qarayevin bədii rəhbərliyi ilə tərtib olunmuş ilk konsert proqramı təqdim edilib. Konsertdən öncə çıxış edən musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə bəstəkarın yaradıcılığından, onun musiqi mədəniyyətinin inkişafında xidmətlərindən danışıb.

Konsertdə Orxan Həşimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor) və Eldəniz Ələkbərzadə (piano) çıxış ediblər.

Musiqi axşamında Fərəc Qarayev, İsmayıl Hacıbəyov, Qustav Maler, Moris Ravel və Con Tavenerin əsərləri ifa olunub.

***

Layihənin növbəti konserti aprelin 23-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib.

Musiqi axşamında Bakı Müasir Musiqi Cəmiyyətinin ansamblı, dirijor Orxan Həşimov və solistlər Fəridə Məmmədova (soprano), Sahib Paşazadə (tar) və Rəna Fərhadovanın (piano) təqdimatında F.Qarayevin kamera əsərləri səsləndirilib.

***

Layihənin sonuncu günü – aprelin 24-də isə Muzey Mərkəzində mühazirə-konsert təşkil olunacaq.