Bu günlərdə Baykal-Amur Magistralının (BAM) 50 illiyini qeyd edirik. Hökumət komissiyasına rəhbərlik edən Heydər Əliyev dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində, o bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə belə deyib.

Putin qeyd edib ki, Rusiya indi “Şərq poliqonu” adlı nəqliyyat marşrutunu inkişaf etdirir və bu həm də BAM-la bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün çox böyük əhəmiyyətə malikdir.

“Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər”, – deyə Putin əlavə edib.

İki ölkə arasında münasibətlərdən danışan Rusiya rəhbəri qeyd edib ki, əmtəə dövriyyəsi artır və artıq 4 milyard dollardan çoxdur. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var. Putin vurğulayıb ki, regional təhlükəsizlik məsələsi də iki ölkənin münasibətlərində xüsusi yer tutur.

Azərbaycan Prezidenti BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş tədbirdə iştirakla bağlı dəvətə görə Rusiya rəhbərinə  təşəkkürünü bildirib. “Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndiririk. Qeyd etdiyiniz kimi, Heydər Əliyev vaxtilə ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün, əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir”, – deyə İlham Əliyev əlavə edib.

Prezident İlham Əliyev bildirib ki, tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Sizin də qeyd etdiyiniz kimi, gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yükdaşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir”.

Azərbaycan rəhbəri də regional təhlükəsizlik məsələlərinin həmişə ikitərəfli görüşlərin gündəliyində olduğunu deyib: “Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”.

***

Qeyd edək ki, aprelin 22-də Kremldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin BAM-ın 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

Dövlət başçıları görüşdə çıxış ediblər. Heydər Əliyevin ötən əsrin 80-ci illərində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə rəhbərlik etməsi və bu çətin layihənin həyata keçirilməsində rolu barədə söhbət açılıb. Həmin dövrdə Heydər Əliyevlə birlikdə çalışmış insanlar xatirələrini bölüşüblər.