və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir?

 

Aprelin 23-də Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib. Tədbir Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin rəhbəri professor Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu, UNESCO-nun elan etdiyi 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə yanaşı, Dünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən təsis edilmiş 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününün də qeyd olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin inkişafına böyük təsir göstərdiyini bildirən Kamran İmanov 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid verilən şəhadətnamələrin əvvəlki illə müqayisədə 20 faiz çox olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən il “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyatdan keçirilmiş əsərlər də 2022-ci illə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb.

Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi irsin 30 illik işğal dövründə talan edildiyini qeyd edən professor Kamran İmanov deyib: “Biz bir neçə müddətdir ki, UNESCO-dan bunları araşdırmağı, erməni vandalizminin nəticələrini, Azərbaycan mədəni irsinin talan edilməsini qələmə almaq və bunun üçün bu ərazilərə səlahiyyətli missiya göndərməklə bağlı müraciət etmişik. Lakin buna hələ ki reaksiya yoxdur”.

Kamran İmanov qeyd edib ki, bu ilin mart ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın UNESCO-nun baş direktoru Odre Azule ilə Parisdəki görüşündə erməni mədəni-dini irsinin Qarabağda qorunub saxlanılması məsələsi müzakirə predmeti olub. Maraqlıdır ki, Azərbaycan mədəni irsinin 30 illik işğal dövründə dağıdılmasını UNESCO, yumşaq desək, soyuqqanlıqla qəbul etdiyi halda, ermənilərin bir-iki illik “yaratdığı problem” UNESCO-nun diqqət mərkəzindədir: “UNESCO-nun ən vacib öhdəliklərindən biri xalqlara məxsus mədəni irsin xristian, müsəlman, türk, Avropa mədəniyyətindən asılı olmayaraq, qorumaqdan ibarətdir. Odur ki, Əqli Mülkiyyət Agentliyi səlahiyyətlərinə və vəzifələrinə uyğun olaraq, UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə də yerinə yetirməsini diqqət altında saxlamasını tələb edir”.

Agentlik rəhbəri xatırladıb ki, ötən əsrin 20-ci illərindən başlayaraq Ermənistanda Azərbaycan xalqının mədəni irsinə qarşı mənimsəmə cəhdləri geniş vüsət alıb. 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutunda yaradılan şöbənin vəzifəsinə xalq musiqisi və folklor nümunələrini toplamaq və tədqiq etmək daxil edildi. Onların toplanması və arxivləşdirilməsi tarixi Azərbaycan torpaqlarında aparılırdı və təbii ki, onların mənşəyi türk-azərbaycanlı olmuşdu. 1959-cu ildə nəşr edilmiş “Ensiklopedik musiqi lüğəti”nə əsasən, “müasir erməni musiqisinin atası” Komitas tərəfindən ümumilikdə üç mindən çox mahnı lentə alınmışdı. Özününküləşdirilən əsərlər arasında “Sarı gəlin” mahnısı (“Es kes tesa” adı altında) da olub. “Uzundərə”, “Ceyranı”, “Şalaxo” Azərbaycan folklor rəqsləri erməni nümunələri elan edilib, 1959-cu ildə buraxılmış “Musiqili ensiklopedik lüğət”də isə “həm də Azərbaycanda geniş yayılmış erməni solo rəqsləri” kimi təqdim edilib.

“Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsədli quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olunur və erməni etnik aləminin mənzərəsinin bir hissəsinə çevrilir”, – deyə K.İmanov qeyd edib.

Konfransda daha sonra Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış ediblər. Erməni saxtakarlıqlarının və uydurmalarının qədim mənbələr əsasında ifşa edilməsinin vacibliyi vurğulanıb.

Kamran İmanovun “Qərbi Azərbaycan torpaqları qədim və klassik mənbələrdə və DNT-analiz”, Əziz Ələkbərlinin “Qərbi Azərbaycan ərazisində müsəlman dini irsinə qarşı erməni vandalizmi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru İbrahim Bayramovun “Qərbi Azərbaycan: mənəvi soyqırımı və tarixi həqiqətlər”, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Nazim Mustafanın “Erməni tarixşünaslığındakı mövcud ziddiyyətlərdən faydalanmaq yolları haqqında” məruzələri dinlənilib.