2009-cu ildən bəri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər keçirilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2009-cu ildə keçirilən “Muğam aləmi” beynəlxalq elmi simpoziumunda demişdir: “XX əsrin əvvəlində dahi Üzeyir Hacıbəyli öz yaradıcılığının timsalında ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü sala bildi. Beləcə, Fikrət Əmirovun və Niyazinin simfonik muğamlarına, Qarayevin simfonizminə və XX əsr Azərbaycan musiqisinin bir çox başqa uğurlarına yol açıldı”.

Bu gün hamımız Üzeyir Hacıbəylinin yaradıcılığı, onun ölməz musiqisi ilə fəxr edirik. Azərbaycan Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə məqalələr toplusuna ön sözdə Ü.Hacıbəylini “Şərq musiqisinin sönməz günəşi” adlandıraraq yazır: “Üzeyir bəyin irsi elə bir xəzinədir ki, daim tədqiqatçıların diqqət mərkəzindədir və yeni-yeni elmi əsərlərin yaranmasına səbəb olur”.

Bu yaxınlarda təqdimatı keçirilən “Üzeyir Hacıbəyli” elmi məqalələr toplusu dahi bəstəkarın adı ilə şərəflənən beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunan elmi konfranslardan seçilmiş məruzələr əsasında tərtib edilmişdir. Bu məruzələr həm Ü.Hacıbəyli, həm də M.Maqomayevin yaradıcılığını əhatə edir. Məlum olduğu kimi, hər iki sənətkarın Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında və inkişafında böyük xidmətləri olmuşdur. Topluya daxil olan məqalələrdə onların yaradıcılığı yeni rakurslarda, müxtəlif aspektlərdən təhlil edilir.

Ümumiyyətlə, topludakı məqalələri belə qruplaşdırmaq olar:

 

Ü.Hacıbəylinin operalarının və musiqili komediyalarının tədqiqi;

Ü.Hacıbəylinin xalq musiqisinə dair elmi tədqiqatlarının tədqiqi;

Ü.Hacıbəyli və M.Maqomayevin yaradıcılığına elmi-publisistik səpkidən yanaşma;

Ü.Hacıbəyli və M.Maqomayev yaradıcılığında folklor.

 

Üzeyir musiqisinin yarandığı vaxtdan bir əsrdən çox keçmişdir. Onun musiqisi bu gün də təravətli səslənir, Azərbaycanın hüdudlarından uzaqlarda da özünə böyük dinləyici auditoriyası toplamaqdadır. Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifasında “Leyli və Məcnun” operasının qısaldılmış variantda tar və kamança qatılmaqla məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək yolu”  ansamblı ilə ifası buna əyani nümunədir. Məhz bu uğurlu ifadan sonra əsərin yeni rəqs variantı yaranır və xoreoqraf Mark Morrisin quruluşunda okeanın o tayında – Amerikada əsər tamaşaya qoyulur.

Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümü topluda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovanın məqaləsində çox maraqlı faktlarla işıqlandırılmışdır. Müəllif bu sensasiyalı tamaşanın dizayn və geyimlərindən də bəhs etmiş, quruluşçu rəssamın səhnə geyimlərində əsas çalarlar kimi Azərbaycan bayrağının qırmızı və mavi rənglərini seçməsini vurğulamışdır.

Topluda Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına dair bir neçə çıxış-məruzə yer almışdır. Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovun “Üzeyir Hacıbəyli və erməni sənətçilərin “mədəni” təcavüzü”, Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyevin “Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri xarici ölkə teatrlarının səhnələrində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılovanın “Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilən filmin yaranma tarixi və ekran həyatı” məruzələrində bu mövzu müxtəlif bucaqlar altında işıqlandırılır. 

Sərdar Fərəcovun “Üzeyir Hacıbəyli və erməni sənətçilərin “mədəni” təcavüzü” məruzəsində bir çox tarixi faktlara istinad edilir. İlk erməni operasının məhz Ü.Hacıbəylinin operaları erməni müəllif tərəfindən dinlənildikdən sonra yaradılması faktının vaxtilə müəllifin özü tərəfindən açıqlanması, Üzeyir Hacıbəyli ilə A.Spendiarovun görüşləri də diqqətə çatdırılır.

Hafiz Quliyevin “Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin xarici ölkə teatrlarının səhnələrində” məruzəsində rejissorun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ankara Opera və Balet Teatrında, Belarus Akademik Musiqili Teatrında, eləcə də Pekin, Moskva, Bolqarıstanda hazırladığı tamaşalar haqqında məlumatlar verilir.

Güllü İsmayılovanın məruzəsində “Arşın mal alan” filminin yaranma tarixçəsinin Stalinin hakimiyyəti dövründə müəyyən siyasi və iqtisadi maraqlardan qaynaqlanması haqqında fikirləri də diqqəti cəlb edir.

Azərbaycan xalq rəqslərinin, yallıların folklorşünaslıqda məhsuldar tədqiqatçısı kimi tanınan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığında xalq rəqslərinin tədqiqi və istifadəsi məsələləri” başlığı altında çıxışında “Arşın mal alan” və eyni zamanda “O olmasın, bu olsun” musiqili komediyalarında istifadə edilən xalq rəqslərindən ətraflı bəhs edilir.

Topluda Ü.Hacıbəylinin “Koroğlu” operası haqqındakı məruzələr də var. Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın “Azərbaycan opera incəsənətində “Koroğlu” ənənələri” məruzəsində operanın səhnə tarixi, müasir zamanda TÜRKSOY-un xətti ilə bir çox türkdilli xalqların səhnələrində də tamaşaya qoyulması faktı açıqlanır. Müəllif “Koroğlu”dan sonra Azərbaycan opera sənətinin inkişafının əsas tendensiyaları haqqında ətraflı məlumatlar vermiş, Q.Qarayevin və C.Hacıyevin “Vətən”, C.Cahangirovun “Azad”, R.Mustafayevin “Vaqif”, F.Əmirovun “Sevil”, F.Əlizadənin “İntizar” operasında “Koroğlu” operasının bir sıra ənənələrinin davamı məsələsindən söz açmışdır. O, “İntizar” operasını yüksək dəyərləndirərək bu fikri vurğulayır: “F.Əlizadənin “İntizar” operası Ü.Hacıbəylinin “Koroğlu” operasının yaradıcı şəkildə müasirliklə milliliyin birləşdiyi XXI əsrin novator operasıdır. Bu opera son dövrdə Azərbaycanda vətənpərvərlik və qəhrəmanlıq ruhunda yazılan əsərlər arasında zirvədə duran bir incidir”.             

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova məruzəsində Ü.Hacıbəylinin “Koroğlu” və M.Maqomayevin “Şah İsmayıl”, “Nərgiz” operalarında qəhrəmanlıq mövzusunun təcəssüm olunmasının, opera qəhrəmanlarının solo, ansambl səciyyəsi və ən başlıcası xor səhnələrinin nümunələri əsasında təhlilini aparmışdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Jalə Qulamova “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması tarixi haqqında ətraflı məlumatlar vermişdir.

Topluda “Koroğlu” operasına dair məqalələr sırasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadənin “Koroğlu” operasında epik koqnitiv modellərin təfsirinə dair” məqaləsi xüsusi maraq doğurur. Müəllif Koroğlu obrazının musiqi dilinin semantik müstəvisində eposun, səciyyəvi modellərin araşdırılması kimi çox mürəkkəb elmi problemə toxunmuş, onun ətraflı izahını vermişdir. Bəstəkarın operasının musiqi üslubunun formalaşmasında “aşıq koloriti” yaratmaq üçün aşıq musiqisinə xas olan şikəstə janrından (müəllif məruzəsində bunu “döymə” adlandırır) istifadə edilməsini təkcə IV pərdədəki aşıq süitasında deyil, bütün opera boyu araşdıraraq, bu məsələyə tam yeni rakursdan yanaşır.

Topluda təqdim olunan məqalələr sırasında Ü.Hacıbəylinin elmi fəaliyyətinə dair tanınmış mütəxəssislərin çıxışları da geniş yer almışdır. Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının musiqi müstəvisində” məruzəsində bəstəkarın 1919-cu ildə “İstiqlal” məcmuəsində çıxmış “Azərbaycan türklərinin musiqisi haqqında” yazısından ətraflı bəhs edilir və müəllif bu yazını “Azərbaycan xalq musiqisinin əsasları” kitabından öncə yazılmış dəyərli əsər kimi səciyyələndirir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin “Üzeyir Hacıbəyli şəxsiyyəti Zemfira Səfərovanın elmi yaradıcılığında” məqaləsində isə görkəmli alimin Ü.Hacıbəyli irsinin tədqiqinə dair kitabları, monoqrafiyaları, tədqiqatçının işıqlandırdığı sənədlərin qarşılıqlı əlaqəsi problemləri ətraflı təhlil edilmişdir. Ü.Talıbzadənin topluda nəşr olunan digər bir məqaləsi Ü.Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarının musiqi-mətn əlaqələrində intonasiya uyğunluğu məsələlərinə həsr olunaraq mövzunun tam yeni bir yozumudur.

Üzeyir Hacıbəylinin elmi irsinə həsr olunan məqalələr sırasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayevanın “Azərbaycan muğamlarının səs sisteminin tədqiqi problemləri” məqaləsini də qeyd etməliyik. Müəllif müasir musiqişünaslığın aktual problemlərindən birinə toxunaraq, Ü.Hacıbəylinin məqam nəzəriyyəsi məsələlərinə, muğam pərdələri və tarın köklənməsinə aydınlıq gətirmişdir. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadənin “Üzeyir Hacıbəyli yaradıcılığının etnomusiqişünaslıq elminin inkişafında rolu” məruzəsində çox maraqlı məsələlərə toxunulur. Müəllif bir sıra tədqiqatçıların bəstəkar yaradıcılığını etnomusiqişünaslıq elminin müstəvisində öyrənilməsi ənənəsinə istinadən Ü.Hacıbəyli yaradıcılığını araşdırır.

Üzeyir Hacıbəylinin elmi yaradıcılıq sahəsində fəaliyyəti topluda əhatə olunmuşdur. Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Ü.Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin Azərbaycan musiqişünaslığının inkişafında rolu” məruzəsində çox haqlı olaraq belə bir fikri vurğulayır: “XX əsrin əvvəllərində Ü.Hacıbəylinin adı nəinki bəstəkarlıq məktəbinin, eləcə də musiqişünaslıq sənətinin əsasının qoyulması ilə bağlıdır”.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Aytac Rəhimovanın “Xalq musiqisinin bərabər temperasiya sisteminə keçməsində Üzeyir Hacıbəylinin rolu” məqaləsində bəstəkarın böyük tarixi vəzifəni peşəkar şəkildə həyata keçirməsi ətraflı şəkildə açılır.

Nəhayət, topluda yer alan maraqlı elmi-publisist istiqamətli məqalələrdən də qısaca bəhs etmək istərdik: AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Məmmədovanın “Hüseynqulu Sarabski Üzeyir Hacıbəylinin operalarının ilk tamaşalarında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dostluğu məktubların izi ilə”, “Üzeyir Hacıbəyli irsinin radio və televiziyada təbliği”, L.Zöhrabovanın “Azərbaycan bəstəkarlıq məktəbinin yaranıb formalaşmasında Ü.Hacıbəyli və M.Maqomayevin birgə fəaliyyəti” məqalələrində hər iki bəstəkarın, onların həmkarlarının birlikdə keçdiyi çətin və mürəkkəb həyat və yaradıcılıq yolları işıqlandırılır.

S.Təhmirazqızının məqaləsini oxuyarkən Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin həyat sınaqları haqqında bir sözün vurğulanması diqqətimizi cəlb etdi: bu, “fədakarlıq” sözüdür. Doğrudan da, bu iki böyük sənətkar fədakar şəxsiyyətlər idi. Bu gün biz bütün musiqiçilər adından onların möhtəşəm ruhu qarşısında baş əyirik.

Aytən Babayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent