Bu təqdimatla görün nə qədər nəğmələr könlümüzün sarı siminə toxunub, ruhumuza qol-qanad verib. O bir bəstəkar kimi yaşadığı dövrün sənətlə bağlı müxtəlif qadağalarına rəğmən, böyük tapıntılarından idi.
Hərdən mənə elə gəlir ki, o nəğmələrin müəllifi sağdır, aramızdadır, hətta lap cavan yaşdadır. Bəli, ən sevdiyim nəğmələrin müəllifi, görkəmi bəstəkar, prokuror Ələkbər Tağıyevin anadan olmasının 100 illiyidir.
Kimlər olmuş gör sirdaşın...
Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə dünyaya gəlib. İlk təhsilini burada alıb və 1938-ci ildə şəhərdəki xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb. Çoxuşaqlı kasıb ailəsinə, az da olsa, dəstək olmaq üçün hətta yaşını da iki il böyütdürüb. Məhkəmədə çalışmaq onun peşə seçimində öz sözünü deyib və Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. 1974-cü ilə qədər prokurorluq orqanlarında çalışıb...
Qəlblərə xitab edən musiqiləri isə başqa bir ailəm... Onu tanıyanların bildirdiyinə görə, günün istənilən çağı, istənilən ovqatda beynində hansısa melodiyanın dolaşdığını sezmək olardı. Musiqi təhsili olmadığından dövrün məşhur yapon maqnitofonlarını evdə, işdə, maşında özü ilə gəzdirər, zümzümələrini kasetlərə yazar və musiqiçi dostlarına göndərib nota köçürdərmiş. Bu minvalla hər kəsə doğma nəğmələr zümzümələrdən konsert salonlarına, televiziya efirlərinə, radio dalğalarına ötürülərmiş. Bu da çox çətinliklə. Niyə? Dövrün tələbinə görə, musiqi, daha doğrusu, bəstəkarlıq təhsili olmadığından ona bəstəkar, mahnı müəllifi demək olmaz, Bəstəkarlar İttifaqına nəinki üzv, heç bu barədə rəy də vermək olmazmış.
Amma ixtisasca hüquqşünas olan, üstəlik də, xarakter etibarilə inadkar və tələbkar Ələkbər Tağıyev zamanla bu məsələni də yoluna qoyur. Amma ilk olaraq mahnılarına “xalq mahnısı” adını qoyur. Beləcə, dövrün ən məşhur ifaçıları Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Flora Kərimova, Nisə Qasımova, İslam Rzayev, Hüseynağa Hadıyev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Kəmalə Rəhimli və daha neçə-neçə müğənni onun repertuarına müraciət edərək mahnılarını oxuyurlar.
Xoş xatirədir, qonşu qız...
Mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliqin dünyaya göz açmasından sonra başlayır... Erkən itirdiyi ilk övladının acısını azaldacaq yeni körpə ilə sanki bəstəkarın populyarlıq yolu da açılır. Dinləyicilər onu “Qonşu qız” mahnısı ilə tanıyıb sevirlər. Bu nəğmənin qısa zamanda geniş şöhrət qazanması müəllifə yeni ruh, ilham verir. Prokuror anlayır ki, onun araşdırdığı cinayət işləri fonunda qalan bəstəkarlığı artıq “idarə olunmur”. Daha sonra “Şirin arzular”, yaxın qohumuna yazsa da, bütün gedib qayıtmayanların, doğma adamların itkisinə elegiya olan “Sən gəlməz oldun”, ürəyində dolaşanları dilinə gətirə bilməyənlərin “Dinə bilmədim”, boz şəhərdə özünə yuva soraqlayanların “Bakı gecələri”, böyük Vətən sevdalıların “Azərbaycanım mənim”, izhara dönən “Ay ellər” kimi mahnılar ildırım sürəti ilə populyarlıq qazanır.
Sözlə musiqinin harmoniyası
Onun nəğmələr silsiləsində ən çox diqqəti cəlb edən məqam, şübhəsiz ki, musiqi ilə sözlərin harmoniyasıdır. Sənətkarın musiqilərinin təsirli olmasının əsas sirri bu harmoniyada gizlənir. Bəstəkar Mikayıl Müşfiq, Mədinə Gülgün, Səməd Vurğun, Nəbi Xəzri, Süleyman Rüstəm, Rəsul Rza, Nəriman Həsənzadə, Əliağa Kürçaylı, Həmid Abbas, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Məmməd Rahim, Hafiz Baxış kimi məşhur şairlərin yaradıcılığına müraciət edib, qəlboxşayan nəğmələr ərsəyə gətirib...
Mahnılarının məşhurlaşması ilə bəstəkar həm də musiqi təhsili almaq barədə qərar verir. 1962-ci ildə, 38 yaşında Asəf Zeynallı adına Musiqi Texnikumunun nəzdindəki bəstəkarlıq kursuna daxil olur və 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir. 1976-cı ildə maestro Niyazi və Tofiq Quliyevin zəmanəti ilə SSRİ Musiqi Fonduna üzv seçilir. Beləliklə, onun məlum olan bütün mahnıları Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçir.
Bəstələri ilə həm də müğənnilər yetişdirirdi...
Ələkbər Tağıyev o dövr üçün həm də maraqlı bir ənənə qoydu: bir müğənni ilə uzun müddət çalışmaq, onun səs tembri, ifa manerası və tamaşaçı ilə ünsiyyət metoduna uyğun mahnılar yazmaq.
Maraqlıdır ki, bu günün ifadəsi ilə desək, Ələkbər Tağıyev özü ilə bərabər, həm də mahnılarını oxuyan müğənnilərin prodüseri idi. Sözsüz ki, mahnıları və onların taleyi, uğuru, çətinliklə aşdığı senzura sərhədləri onu buna vadar edirdi.
Onun ən çox əməkdaşlıq etdiyi, mahnı silsiləsi yazdığı müğənni SSRİ Xalq artisti Zeynəb Xanlarova və gənc ikən kəşf edib ömrünün sonunadək mahnılarını sevə-sevə verdiyi Xalq artisti Nisə Qasımova idi.
Hər iki ifaçının yaradıcılıq uğurlarında, birmənalı olaraq, onun mahnıları böyük rol oynayıb. Zeynəb xanımın həzin səsində, Nisə xanımın ürkək üslubunda bu mahnılar başqa bir ovqat yaradırdı...
Musiqinin ən populyar və kütləvi janrı hesab olunan mahnının təsir gücü də genişdir. Bu anlamda Ələkbər Tağıyevin müxtəlif mövzulara, insanlara, vətənə, təbiətə sevgi ilə bağlı mahnılar silsiləsi, həqiqətən, maraq doğurur. Bəstəkarın bir nəğməsi sanki digər nəğməsi üçün giriş, anons xarakteri daşıyır. Sevgi, saf hisslərin tərənnümü və həsrətə, nisgilə qarşı xoş ovqatlı nəğmələr insanların dünyagörüşünə, estetik zövqünə ciddi təsir göstərir.
Üzə çıxmayan melodiyalar...
Ələkbər Tağıyevin nota alınan, lentə yazılan mahnıları qədər üzə çıxmayan melodiyaları da olub. Bunu illər öncə bir müsahibəsində bəstəkarın oğlu Xaliq Tağıyev deyib: “Atamın mahnıya çevrilməmiş yüzlərlə melodiyası qalıb. Onları kiməsə etibar etməyə də ürək eləmirik – birdən kimsə öz adına çıxar. Onsuz da təzə çıxan dırnaqarası mahnıların bir neçəsində atamın melodiyalarını tanımışam. Mənim atam qədər musiqi duyumum yoxdur ki, özüm bununla məşğul olum, onları mahnı kimi hazırlayım. Yaxşı ki, bacımın ali musiqi təhsili var, onunla bir neçə melodiyanı mahnı kimi hazırlayıb ərsəyə çıxara bildik. Amma nə qədər melodiya elə kaset lentlərində qalıb. İndi gözəl melodiyaya çox böyük ehtiyac var...”.
***
O, bahar fəslinə heyran idi. Elə mən də. Yəqin buna görə də hələ fevralın sonundan – qarı dəlib çıxan ürkək bənövşələr gözümə dəyəndən “Təbiətə işvə gəldi, naz gəldi” ilə başlayır söz-söhbətlərim. Bəstəkarın ən sevdiyim mahnısı bu olduğundan, həmçinin onun bütün ömrünü bahar kimi al-əlvan yaşayıb ruhunda daim “salxımlanan göy budaqlara” qol-qanad verib təbiətindəki “dağ çayları coşub-daşdığından” elə haqqındakı yazısına da “Qoy ilk bahar bəzəsin ömrümüzü” ilə nöqtə qoyuram.
Ruhundan qopub əbədi səslənəcək nəğmələrin 1981-ci ilin 16 aprelində dayanan bəstəkar qəlbinin avazı kimi yaşamaq haqqını heç kimə verməsin...
Həmidə Nizamiqızı