Milli Kitabxananın dövri mətbuat arxivindən (13)
Ötən əsrin 30-cu illəri Azərbaycanın tarixində repressiyaların vüsət aldığı, siyasi müstəvidən ictimai həyata, ədəbiyyat və mədəniyyətdən hətta ailə-məişətədək hər yerdə “xalq düşmən”lərinin axtarıldığı, qorxu, səksəkə içində keçən, kabus dolu bir dövr idi. Sinfi mübarizənin qızğın cəbhələrindən biri də ədəbiyyat idi. Sosializm quruluş və baxışlarına uyğun gəlməyən hər şey ədəbiyyat üçün yad ünsür sayılırdı.
1936-cı ilin 24 mart – 3 aprel tarixlərində Azərbaycan sovet yazıçılarının müşavirəsi keçirilmişdi. Müşavirə “Pravda” qəzetində formalizm və naturalizm əleyhinə dərc olunmuş məqalənin müzakirəsinə həsr edilmiş, on gün ərzində bu mövzuda şair, yazıçı və ədəbiyyatşünasların alovlu məruzələri dinlənilmişdi.
“Ədəbiyyat” qəzeti 14 aprel tarixli nömrəsindən həmin çıxışların dərc etməyə başlamışdı. İlk olaraq xitabət kürsüsü Səməd Vurğuna verilmişdi. Mətbuat xronikasından budəfəki seçməmiz həmin çıxışdan götürülüb. Seçmədə dövrün orfoqrafiyası saxlanılıb.
Formalizm və naturalizm əleyhinə
(Səməd Vurğun yoldaşın giriş nitqindən)
Formalizmin doğrudan da, həyatdan uzaqlaşmaq nəticəsində meydana çıqdıqı aydındır. Bu məsələni aydınlaşdırmaq üçün mən çox hörmət bəslədiyimiz və şəxsən mənim çox hörmət bəslədiyim bizim hörmətli sənətkarımız Hüseyn Cavid yoldaşdan başlamaq istəyirəm. Mən Hüseyn Cavidə bir yoldaş kibi öz fikrimi söyləmək istəyirəm. Ümidvaram ki, o mənim sözlərimdən qəti surətdə inciməyəcəkdir.
Biz Hüseyn Cavidin yaradıcılığından istifadə etmiş və edəcəyik. H.Cavidin yaradıcılığında biz şairlər üçün öyrənməli şeylər çoqdur. Lakin Hüseyn Cavidin yaradıcılığı bizim Azərbaycan xalqilə, onun tarixilə, onun taleilə bağlı deyildir.
Mən əminəm ki, böyük sənətkar H.Cavid həqiqi xalqçılıq uğrunda apardığımız mübarəzədə bizim səsimizə hər kəsdən əvvəl səs verəcəkdir. Əminəm ki, H.Cavid Azərbaycan xalqını, sosyalizm ölkəsində xariqələr yaradan Azərbaycan xalqını daha dərindən sevəcək, onu bütün genişliyilə öz əsərlərində göstərəcəkdir. Azərbaycanın gözəl təbiəti, gözəl və cəsur qızları, çalışqan oğulları, qəhrəman xalqı vardır. Ölkəmiz hər şeyi olan zəngin xoşbaxt bir ölkədir. Bunların hamısı yazıçı üçün layiq mənbə deyilmi?...”.
“Ədəbiyyat” qəzeti, 14 aprel 1936-cı il