AMEA-nın Rəyasət Heyətinin iclasında akademiyada mövcud ştat vahidləri hesabına Arxeologiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin bazasında Antik dövr və Alban arxeologiyası şöbəsi və İlk orta əsrlər dövrü arxeologiyası şöbəsinin, Azərbaycanın orta əsr dövrü arxeologiyası şöbəsinin bazasında İslam dövrü arxeologiyası şöbəsinin, eləcə də Məhkəmə arxeologiyası şöbəsi və Elmi informasiya şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub, Xəzərin arxeologiyası şöbəsinin adında dəyişiklik edilib və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yeni strukturu təsdiqlənib.
Bu barədə AMEA-dan məlumat verilib. Həmçinin daxili imkanlar hesabına AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin bazasında Qafqaz tarixi şöbəsinin, Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin bazasında Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin yaradılması haqqında Rəyasət Heyəti qərar qəbul edib.
Bununla yanaşı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılıb. Eyni zamanda, iclasda AMEA Rəyasət Heyəti aparatının Nəqliyyat xidməti şöbəsinin Əsasnaməsi təsdiq edilib.