Dövlət Gənc Tamaşaçılar Teatrında “Qaraca qız” pyesi (Süleyman Sani Axundov, Abdulla Şaiq) əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam edir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı Nisə Hətəmova, musiqi tərtibatçısı İradə Muradovadır.

S.S.Axundovun “Qaraca qız” hekayəsi əsasında 1948-ci ildə şair, yazıçı Abdulla Şaiq Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Əsər ölkənin bir sıra teatrlarında tamaşaya qoyulub. Bəstəkar Əşrəf Abbasov bu əsər əsasında Azərbaycanda uşaqlar üçün ilk balet (libretto müəllifi Əfrasiyab Bədəlbəyli) yaradıb.

***

Sumqayıt Dövlət Dram Teatrında balacalar üçün yeni tamaşa üzərində iş gedir. Dünya ədəbiyyatına müraciət edən yaradıcı heyət balacaların görüşünə Dyula Urbanın “Şoma və Fruji” pyesi (tərcümə Nizami Mirzəyevindir) əsasında hazırladıqları səhnə əsəri ilə gələcək.

Birhissəli tamaşaya gənc rejissor Fuad Kazımov quruluş verir. Quruluşçu rəssam Elşən Sərxanoğlu, icraçı rəssam Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Səhnə əsəri mayın ortalarında təqdim olunacaq.

***

Qazax Dövlət Dram Teatrı isə Əli Əmirlinin “Onun iki qabırğası” komediyası teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubovun quruluşunda hazırlanır. Səhnə işinin quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.

Məişət komediyasında rolları teatrın aparıcı səhnə ustaları Xəzər Gəncəli, Vüsal Hüseynov, Zəmanə Dərviş, Aytac Cəfərova, İlqar Hacıəliyev, Xəzər Gəncəli, Aydın Orucov və Xanım Məmmədova oynayacaqlar.