AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri müasir əlifbada nəşr olunub.
Əsəri əski əlifbadan (ərəb qrafikalı Azərbaycan əlifbası) transfoneliterasiya edib nəşrə hazırlayan institutun sabiq əməkdaşı, əlyazmaşünas və tərcüməçi Arif Ramazanovdur.
“Riyazül-qüds”(“Müqəddəs gülüstan”) görkəmli Azərbaycan maarifçisi, yazıçı, şair, ensiklopedik zəka sahibi Abbasqulu ağa Bakıxanovun (1794-1847) ana dilində yazdığı irihəcmli bədii əsərlərindən biridir. Əsasən, nəsrlə qələmə alınan, məqtəl nümunəsi olan əsərdə ərəb, fars və türk dillərində yazılmış nəzm parçaları verilib ki, onların çoxu A.Bakıxanovun öz qələminin məhsulu, ilk qələm təcrübələridir. Əsər Kərbəla hadisələrinə həsr olunub.
Əsərin transfonelitarasiyasından əlavə, kitaba “Riyazül-qüds”ün əlyazma nüsxəsinin fotofaksimilesi və Səadət Qarabağlının “Riyazül-qüds” əsərlərinin əlyazma katibi Məşədi Ocaqverdi oğlu Mirzə Haqverdi Qarabaği haqqında məlumat” adlı məqaləsi də daxil edilib.
Yeni nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, ön söz müəllifi akademik Möhsün Nağısoyludur. Kitabın cildində qeyd olunmuş ərəb qrafikalı yazılar Hacı Mustafa Mailoğlu tərəfindən yazılıb.