Parisdə, UNESCO-nun mənzil-qərargahında türkmən şairi və filosofu Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə “Məhtimqulu Fəraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi və qala-konsert keçirilib.
Türkmən ədəbiyyatının klassiki M.Fəraqinin Azərbaycan ədəbiyyatı ilə bağlılığı həmişə diqqəti cəlb edib. Şair öz şeirlərində dönə-dönə görkəmli Azərbaycan şairlərindən dahi N.Gəncəvinin, İ.Nəsiminin, M.Füzulinin adını çəkib. Onun şeirlərində Təbriz, Şirvan, Şamaxı və sair Azərbaycan yer adlarına rast gəlinir. "Yaylaqları var" şeiri Azərbaycana həsr edilmişdir.
UNESCO-da təşkil edilmiş sərgidə şairin əlyazmaları ilə yanaşı, türkmən mədəniyyətinin rəngarəngliyi, tarixi və adət-ənənələri nümayiş etdirilib. Sərgi ziyarətçilərə şairin əsərlərini və zəngin ədəbi irsini, eləcə də xalçalar, zərgərlik məmulatları, geyimlər və UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş müxtəlif türkmən sənət nümunələrini tanımağa imkan yaradıb.
Şairin 300 illiyi münasibətilə təşkil olunan qala-konsertdə Türkmənistan Dövlət Simfonik Orkestri çıxış edib.