Beynəlxalq Muğam Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyətinin görkəmli bəstəkar, pedaqoq Azərbaycanın Xalq artisti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş “Homage a FQ” adlı konserti keçirilib.
Aprelin 23-də təşkil olunan konsert proqramını izləyənlər arasında tanınmış musiqi xadimləri, həmçinin bəstəkarın özü də yer alıb.
Konsertdən əvvəl çıxış edən musiqişünas Sara Timurova bəstəkarın yaradıcılıq yolundan söz açıb. Deyib ki, Fərəc Qarayevin zəngin musiqi dünyasının miqyası kiçildilmiş xəritəyə bənzədilsə, coğrafi dillə desək, buradakı meridian və paralellərin toqquşduğu nöqtələrdə çox maraqlı orijinal kompozisiyaların yarandığını görərik.
Musiqi axşamında Orxan Həşimovun dirijorluğu ilə Bakı Müasir Musiqi Cəmiyyətinin ansamblı və solistlər Əməkdar artist Fəridə Məmmədova (soprano), Əməkdar artist Sahib Paşazadə (tar) və Rəna Fərhadovanın (piano) təqdimatında F.Qarayevin “Üç baqatel”, “Nağıllar nağılı və yaxud dünənki sabah”, “Cənab səfir Yafaya vasil oldu”, “Xütbə, Muğam və Surə” kimi kamera əsərləri səsləndirilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-24 aprel tarixlərində reallaşdırılan “Fərəc Qarayevin portreti” adlı layihə bəstəkarın 80 illik yubileyi münasibətilə gerçəkləşib.
Lalə