Mədəniyyət sahəsində 7, ədəbiyyat sahəsində 3 müraciət var

 

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü ilin Dövlət Mükafatlarına təqdim olunan işlərin siyahısını elan edib.

Məlumatda bildirilir ki, müvafiq qurumlar tərəfindən ümumilikdə 25, o cümlədən elm sahəsində 11, texnika sahəsində 3, memarlıq sahəsində 1, mədəniyyət sahəsində 7, ədəbiyyat sahəsində 3 müraciət-təqdimat edilib.

Qeyd edək ki, Dövlət Mükafatları Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli sərəncamı ilə təsis edilib. Hər biri 30 000 manat məbləğində olan Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 Dövlət Mükafatı iki ildən bir (hər cüt ildə) 28 May — Müstəqillik Günü ərəfəsində Dövlət Mükafatları Komissiyasının qərarı ilə verilir.

Komissiyanın sədri Azərbaycan Respublikasının Baş naziridir. Komissiyanın tərkibinə aidiyyəti dövlət qurumlarının, AMEA, yaradıcılıq təşkilatları, bədii təmayüllü ali təhsil müəssisələrinin rəhbərləri, ədəbiyyat və incəsənət xadimləri daxildir.

Ölkə başçısının 2010-cu il 8 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi” təsdiq edilib və ilk mükafatlar həmin il verilib.

Onu da qeyd edək ki, 2022-ci ildə mükafat verilməyib. 2020-ci ildə isə yalnız bir nominasiya – elm sahəsində (“Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” – müəlliflər qrupu) Dövlət Mükafatı verilib.