Prezidentlər hər iki şəhərin baş planları, görülən işlərlə tanış olublar

 

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qırğızıstan lideri Sadır Japarova işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verib. Qeyd edilib ki, inşa olunacaq Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə də məlumat verilib.

Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Hazırda burada üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq.

***

Azərbaycan və Qırğızıstanın dövlət başçıları yenidən qurulan Ağdam şəhərinə gəliblər.

Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.

Bildirilib ki, bir vaxtlar qaynar həyatın olduğu abad şəhərdən əsər-əlamət qalmayıb. Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Bərpa konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyini çatdıracaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək.

Şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq.

Tanışlıq zamanı Füzuli və Ağdam rayonlarında türk dövlətləri tərəfindən həyata keçirilən təhsil və mədəniyyət ocaqları layihələri də qeyd edilib. Vurğulanıb ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu ilin martında Qazaxıstan tərəfindən inşa olunmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, eləcə də Prezident Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda Qırğızıstan tərəfindən tikiləcək orta məktəb ölkələrimizin və xalqlarımızın dostluğunun parlaq nümunələridir.