D.Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı möhtəşəm klassik musiqi gecəsi keçirilib.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən gecədə tanınmış pianoçular – SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti Murad Adıgözəlzadə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi altında Sankt-Peterburq Filarmoniyasının simfonik orkestri iştirak edib.
Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, eləcə də Fikrət Əmirovun Elmira Nəzirovanın həmmüəllifliyi ilə yazdığı fortepiano və orkestr üçün ərəb mövzularında konsert (solist - professor Fərhad Bədəlbəyli) dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dahi rus bəstəkarları Pyotr Çaykovskinin “İtaliya kapriççiosu” və Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün 2 nömrəli süitası (Aleksandr Varenberqin iki fortepiano və orkestr üçün işləməsi) təqdim olunub. Bu, həmin süitanın yeni versiyasının Sankt-Peterburqda premyerası idi.