Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-24 aprel tarixlərində reallaşdırılan “Fərəc Qarayevin portreti” adlı layihə başa çatıb.

Aprelin 24-də gerçəkləşən son konsert Bakı Müasir Musiqi Cəmiyyəti ilə Muzey Mərkəzinin birgə həyata keçirdikləri “Muzeydə musiqi gecələri” layihəsi çərçivəsində təqdim edilib.

Bəstəkarın “Sonata №2”, “Malheur me bat”, “Postludio I” əsərlərinin səsləndirildiyi konsert musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadənin moderatorluğu ilə gerçəkləşib. Əsərləri solistlər Fəridə Məmmədova (soprano), Raul Hüseynov (gitara), Rəna Fərhadova (piano) və Humay Qasımzadə (piano) ediblər.

Muzey Mərkəzində keçirilən konsertlə bağlı musiqişünaslar fikirlərini sosial şəbəkə hesablarında paylaşıblar. Sənətşünas, ictimai xadim Nigar Axundova “İtirilmiş vaxtın axtarışında” adlı paylaşımında yazıb: “Mövcud reallığın çılğın təlatümləri içində üçüncü axşamdır ki, ardıcıl olaraq bir bəstəkarın konsertlərinə getdik, onunla hər görüşü səbirsizliklə gözlədik, anlaşılmaz qarışıq duyğular yaşadıq – kədər, nostalji, qürur, ümid, təəssüf və yenə də ümid. Düşüncələrimiz reallıqla üst-üstə düşməyən paralel zamana qərq olmuşdular... Əlbəttə ki, Fərəc Qarayev bizi  həmişə zamanla əlaqələndirilir. Bu günlərdə həmişəlik aramızda olmadığına, uşaqlarımıza dərs demədiyinə bir daha təəssüfləndim...”.

Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə isə öz düşüncələrini belə ifadə edib: “Fərəc müəllimin işığına yığışmışdıq. Hər birimizə onun nurlu enerjisindən pay düşdü. Aprelin 24-də ustadın səsini də eşitdik. O, bəzi düşüncələrini bölüşdü. Gecədə səslənən əsərlər haqqında danışdı. “Postludio I” haqqında da danışdı. Sonata 1967-ci ildə bəstələnib. Həmin vaxt F.Qarayev gənc idi, amma bu əsərdə artıq onun siması, zövqü, axtarışlarının istiqaməti özün göstərir. F.Qarayev sevimli bəstəkarlar haqqında danışmağı sevmir, amma hər halda üçünün adını çəkdi: Qriq, Ravel və Berq... Onunla çağdaş musiqinin bəzi problemlərini də müzakirə etdik. Konsertin sonunda Fərəc müəllim öz dinləyicilərinə təşəkkürünü bildirdi. Dedi ki,  ən əsası, konsertlərə gəlsinlər, özləri ilə də 2-3 nəfər gətirsinlər...”.

Musiqisevərlərin çoxdan gözlədiyi və böyük sevgi ilə qatıldığı “Fərəc Qarayevin portreti” layihəsi çərçivəsində reallaşan konsertlər yaddaşlarda silinməz iz qoyub.

Lalə