Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda aprelin 24-dən 30-dək gənc rəssam Xədicə Mirəliyevanın fərdi sərgisi təşkil edilib.

Sərginin açılışında çıxış edən ARİ-nin katibi Xalq rəssamı Ağaəli İbrahimov yaradıcı gənclərə göstərilən dövlət qayğısından danışdı. Dedi ki, belə sərgilərin təşkili yeni istedadların üzə çıxarılmasında mühüm rol oynayır.

Müəllifə yaradıcılıq uğurları arzulayan Xalq rəssamı bildirdi ki, 20 yaşı olmasına baxmayaraq, Xədicə bu gün sərgi salonunu öz əsərləri ilə tam olaraq bəzəyə bilib: “Bu da ona işarədir ki, gənc rəssam sənəti sevir və daim axtarışdadır. Bu əsərləri müxtəlif mövzulardadır. Eyni zamanda onu da qeyd etmək istərdim ki, sulu boya ilə işləmək gənclər üçün o qədər də asan deyil. Amma biz sərgidə çoxsaylı sulu boya ilə işlənmiş əsərlərə rast gəlirik”.

Sonra qonaqlar sərgi ilə tanış oldular. Aprelin 30-dək davam edən sərgidə müəllifin rəngkarlıq, dekorativ-tətbiqi sənət və heykəltaraşlıq nümunələrindən ibarət 60-dan çox əsəri nümayiş olunur.

Bakı şəhərində anadan olan Xədicə Mirəliyeva 2021-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alır. O, ötən il Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Zəfərin rəngi” müsabiqəsinin qaliblərindən olub. Eyni zamanda bir çox sərgilərdə iştirak edib.

Lalə