ADA Universitetində keçirilən “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda iştirak etmək üçün Bakıya gələn tanınmış cərrah Şapur Ənsari Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeydən bildirilib ki, Güney Azərbaycandan olan və ABŞ-də yaşayan soydaşımız doktor Şapur Ənsari muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb söhbət edib. Sonra o, muzeyin ekspozisiyası ilə tanış olub.
Rafael Hüseynov qonağa Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixi haqqında ətraflı məlumat verib. Güneyli soydaşımız muzeyin Xacə Nəsirəddin Tusiyə, xüsusilə doğulduğu Marağa şəhərinin yetirməsi olan görkəmli bəstəkar və şair Əbdülqadir Marağaiyə həsr olunmuş guşələrini böyük maraqla seyr edib.
Qonağı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva müşayiət edib.
Doktor Şapur Ənsari söhbət əsnasında ABŞ-də yaşadığı illər ərzində Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli kimliyi, Azərbaycan xalqının tarixi, ədəbiyyatı və mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb. O çıxışının sonunda bu möhtəşəm ədəbiyyat xəzinəsi ilə tanışlığa görə akademik Rafael Hüseynova minnətdarlığını bildirib və özündə bütöv Azərbaycanın ədəbiyyat tarixini əks etdirən Ədəbiyyat Muzeyinin mədəni sərvətlərimizin qorunması və təbliği yolundakı fəaliyyətini alqışlayıb.
Doktor Şapur Ənsari öz məmnunluğunu muzeyin “Rəy kitabı”nda yazdığı ürək sözləri ilə ifadə edib. Görüşün sonunda qonağa Nizami muzeyinin nəşrləri hədiyyə edilib.