Azərbaycan Aşıqlar Birliyinin (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsində (“Qərbi Azərbaycana qayıdış prosesi” istiqaməti) qalib olub. Layihənin rəhbəri AAB-nin sədri professor Məhərrəm Qasımlıdır.
Bu barədə məlumat verən AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin əsas ideyası Qərbi Azərbaycandakı qeyri-maddi mədəni irsimizin mühüm hissəsi olan aşıq sənəti və bu bölgədəki (Göyçə, İrəvan, Dərələyəz, Zəngəzur, Ağbaba, Loru-Pəmbək) aşıq mühitlərini təmsil edən çağdaş aşıqların tanıdılmasıdır. Məqsəd həm də Qərbi Azərbaycanın aşıq sənətinin əsas beşiklərindən biri olmasına diqqət çəkmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir.