Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin musiqisi və folklorşünas, yazıçı-dramaturq Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında “Bir qalanın sirri" tamaşası hazırlanır.
Uzun hazırlıq prosesindən sonra əsərin kino variantının səhnəyə köçürülməsi işini quruluşçu rejissor Elməddin Dadaşov, Rauf Hacıyevin ecazkar musiqisinin teatrın simfonik orkestrinə uyğunlaşdırması işini isə Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyev yerinə yetirib.
Nağıl-filmin səhnə variantının bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Xatırladaq ki, Azərbaycan kinosunun incilərindən olan, bu gün böyük maraqla baxılan “Bir qalanın sirri” filminə (1959) görkəmli rejissor Əlisəttar Atakişiyev quruluş verib, ssenarini isə əsərin müəllifi M.Təhmasib yazıb.
Filmin səhnə versiyasının ərsəyə gətirilməsinin böyük məsuliyyət olduğunu qeyd edən Elməddin Dadaşov deyib: “Bu, xalq zəkasını, el gücünün sarsılmazlığını, xalq qəhrəmanlarımızın rəşadətini nümayiş etdirən bir əsərdir. Uşaqlar üçün yazılsa da, böyüklərin də maraq dairəsində olan bu əsərdə nağıllarımızın xüsusiyyətlərindən ustalıqla istifadə edilib. Səkkiz aydır ki, səhnə əsərinin hazırlıq işlərinə və məşqlərinə başlamışıq. Bu müddət ərzində Rauf Hacıyevin ecazkar musiqiləri orkestr üçün yenidən işlənilib və müəyyən nömrələri də bərpa etmişik. Tamaşanın musiqi redaktoru Ceyhun Allahverdiyev bəstəkarın film üçün nəzərdə tutulan, lakin indiyədək səsləndirilməyən musiqi nümunələrinə də yeni həyat verib”.
Tamaşanın quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissoru Zaur Əliyev, rəqslərin quruluşçusu Əməkdar artist Nigar Şahmuradova, geyim üzrə rəssamı Nübar Hüseynova, rejissor assistenti Tamilla Aslanovadır. Döyüş səhnələrinin quruluşu Xalq artisti Pərviz Məmmədrzayevə həvalə olunub.
Tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Səməd Xasiyev, Hüseyn Əlili, Əmrah Dadaşov, Mehriban Zaliyeva, Şaban Cəfərov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Türkel Tariqpeyma, Elçin İmanov, Nicat Həbibov, Sübhan Rüstəmov, Cəbrayıl Cəbrayılov, Fərid Rzayev, Murad Əliyev, Əli Kərimov rol alıblar. Kütləvi səhnələrdə teatrın xor və balet artistlərinin çıxışları da nəzərdə tutulur.