“Ümid nəğməsi” tamaşasından təəssürat
Haqlıdır. Eləmir. Ha əlləşib çək-çevir eləsən də, bəzi məqamlarda 2+2=4 olmur ki, olmur. Çünki həyat özünü sınaq meydanı elan edib. Gün-güzəran dalınca qaçmaqdan sanki yaşamaq yadımızdan çıxıb. İndi görün, belə məqamda kimdir hesab-kitabla baş yoran?!
Aprelin 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənc müəllif Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşanın premyerası oldu. Beynəlxalq festival (Daşkənd, “Uşaqlar XXI əsrdə” festivalı) üçün hazırlanan tamaşaya sənət ocağının kiçik səhnəsində baxdıq.
Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Psixoloji dram janrında hazırlanan tamaşada obrazları aktyorlar Sevinc Əziz (Səlma ana), Sənan Kazımov (Cəlal), Nurlan Süleymanlı (Camal) və Səbinə Məmmədzadə (Leyla) canlandırırdılar.
Tamaşanın əsas ideyası autizm sindromlu gənc Camalın timsalında belə həssas qruplardan olan insanlar, onların hissləri və ailələri, cəmiyyətlə münasibətlərinə diqqət çəkməkdir.
Biz üçnəfərlik – ana və iki oğuldan ibarət ailə ilə tanış oluruq. Oğlanlarını tək böyüdən Səlma ananın yeganə istəyi xəstə kimi qəbul etmədiyi və hər vəchlə həm də müalicəsinə çalışdığı oğlu Camaldır. Tort bişirib satmaqla, sözsüz ki, buna nail olmaq mümkün deyil. Çünki bu sindromlu insanlarla bağlı mütəxəssislər və müalicə üsulları çox bahadır. Ailənin də buna gücü çatmır.
Ana tək deyil. Hələ uşaq yaşından evin kişisi kimi ailənin yükünü anası ilə bərabər daşıyan Camalın böyük qardaşı Cəlal da var. O, universitetdə oxuya-oxuya durmadan çalışıb. Amma təhsilini xaricdə davam etdirmək kimi planı da var. Bunun üçün pul da yığıb. Elə evə həmişəkindən tez gəlməsinin səbəbi də budur: İtaliyada təhsil üçün müraciətinə müsbət cavab verilib. Qalır təhsil haqqını ödəmək. Bu xəbəri sevincək anasına çatdırmaq istəsə də, hər şey başqa cür olur. Ana bu oğlunun təhsil üçün yığdığı pulu ondan xəbərsiz o biri oğlunun müalicəsinə sərf edib. Daha doğrusu, xaricdən gələcək mütəxəssisin qəbulu üçün ödəyib. Cəlal bunu biləndə hər şey dəyişir və illərlə içində saxladığı incikliklərini, ona rahatlıq verməyən hisslərini püskürür. Anasının ona laqeyd olduğunu belə deməkdən çəkinmir.
Sözsüz ki, bütün bunlar Camalın köhnə telefonlarla dolu dünyasına gedib çatmır. Bütün gününü o telefonları qurdalamaqla keçirir. Ən son məqamda – xilas anında məhz o xarab telefonlardan birinin işləyəcəyindən, işlədə biləcəyindən xəbərsiz halda...
Ana-bala arasındakı mübahisə böyüdükcə Camalın da qorxusu, fəryadı yüksəlir. Cəlal gah anasına, gah xəstəliyini anasından başqa hər kəsin qəbul etdiyi qardaşına, gah özünə, gah şəkillərdən boylanan atasına, gah da bütün dünyaya qəzəb yağdırır. Anası ona təsəlli verməyə çalışsa da, münasibətlər daha da gərginləşir. Çünki Cəlal hətta qardaşına həsədini belə dilə gətirir. Qardaşının yerində olmaq istədiyini, uşaq vaxtlarında ona həsəd apardığını deyir. Ortaya çökən cansıxıcı sükutu qapının döyülməsi pozur. Çünki Cəlalın da, Camalın da vurğun olduğu qonşu qız – Camala kamança çalmağı öyrədən Leyla gəlir.
Konservatoriya tələbəsi olan Leyla Cəlala laqeyd deyil. Amma ana onların münasibətlərini qəbul edə bilmir. Axı Leyla Camalın dilinin əzbəri, meylini salıb mehr gördüyü yeganə insandır. Bu da Cəlalı özündən çıxarır.
Doğmalar arasında kök salan bu dağınıqlığa sahman üçün musiqi lazımdır və Camal müəlliminin ona öyrətdiyi bir parçanı ifa edir. Bu an ana az qalır qanad açıb uçsun. Amma sevinc uzun sürmür. Bu zaman zəlzələ baş verir və onlar dağıntılar arasında qalırlar. Ümidlərin öləziyib, əsəblərin tarıma çəkildiyi an – ailənin zirzəmi arasında qaldığı məqamda Camalın ifa etdiyi növbəti parça ümidlərin nəğməsi kimi qanadlanaraq xilasedicilərin onları tapmasına səbəb olur...
Tamaşa birmənalı olaraq təsirli idi. Sadə həyat hekayətinə inandırıcı tərzdə təqdimatına görə.
Səhnədə az-az gördüyüm Sevinc Əzizin Səlma anası həyat mübarizəsi aparan həssas insanın ağır yükünü yaxşı “daşıdı”. Xüsusən, obrazdan irəli gələrək sağlam övladı ilə xəstə, fərqli övladı arasında sıxışıb qalan, hisslərinin məngənəsində özündən başqa heç kəsə anlamaq imkanı verməyən məqamlarda. Aktrisa bu keçidlərdə böyük bir ana, qadın obrazı, onun fərqli ovqatlara, aldadıcı maneralarla uyğun dəyişkənliyini yaxşı ifadə etdi. O, durmadan sevgi göstərən ananı təqdim etdikcə sanki bizi cəmiyyət olaraq da autizm sindromlu insanların taleyinə biganə qalmamağa səsləyirdi.
Nurlanın qəhrəmanı Camal, onun bir aktyor kimi özünü “sındırmaq”la obrazına nüfuz etməsi, bir-iki məqam xaric, məhz autizm sindromlu insan kimi refleksləri çox yerində idi.
Gənc və potensial imkanlarına görə seçkin ikili – Sənan və Səbinənin də qəhrəmanları maraqlı, baxımlı, səmimi ovqat yaratdı. Sənanın səs tembri qəhrəmanın psixoloji sarsıntılarını bəzən yaşlı kişi, bəzən küskün uşaq, bəzən də xoşbəxt bir aşiq kimi ifadədə yetərli idi.
Tamaşaya verilən səhnə və musiqi tərtibatı da yerində, yığcam idi. Əsl səyyar tamaşa. Yəni daşına biləcək dekor-tərtibat seçilmişdi.
Tamaşanın bir neçə üstün cəhətini, xüsusən də maarifləndirici tərəfini qeyd etməyə bilmərəm. Məsələn, tamaşanı müəyyən əlavələr etməklə, bir növ, autizmli gənclərin ünsiyyət və münasibət sədlərinin, manevr və dəyişkən vəziyyətlərə uyğun reaksiyalarının səhnə ifadə dilini tapmaqla bu qəbildən insanlara təqdim etmək çox effektli olar. Digər tərəfdən, bu tamaşa ilə autizm sindromu ilə bağlı cəmiyyətdə məlumatlılığı artırmaq mümkündür.
Onu da qeyd edim ki, heyət məlum festivalla bağlı artıq qardaş Özbəkistanda səfərdədir və ümid edək ki, oradan haqq elədikləri uğurla dönəcəklər.
Həmidə Nizamiqızı