Bakı Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində növbəti konsert proqramı ilə çıxış edib.
Filarmoniyadan bildirilib ki, budəfəki konsert dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə gerçəkləşib. Konsertin solistləri isə Dmitri Sitkovetskinin özü (violin) və Xalq artisti Murad Adıgözəlzadə (fortepiano) olublar.
Proqramda İ.S.Bax, E.Blok, J.Haydn və F.Mendelsonun əsərləri səsləndirilib.
Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ Xalq artistir Fərhad Bədəlbəyli, direktoru Xalq artisti Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
Əslən Bakıdan olan, hazırda Londonda yaşayan dünyaşöhrətli violin ifaçısı, dirijor Dmitri Sitkovetski 2022-ci ildə də paytaxtımızın qonağı olmuşdu. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həmin ilin mayında Bakıda “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçirilmişdi.
Dmitri Sitkovetski paytaxtımıza budəfəki səfəri zamanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsi də keçib.
Sonda BMA-nın rektoru Fərhad Bədəlbəyli tərəfindən qonağa akademiyanın fəxri professoru diplomu təqdim olunub.