Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə 27 aprel – 3 may tarixlərində Bakıda gənc ifaçıların Opera festivalı keçirilir.
Festival üçün Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin daxil edildiyi proqram hazırlanıb. Gənc ifaçılar həm xorun tərkibində, həm də solo ifaçı kimi səhnəyə çıxırlar.
Festivalın ikinci günündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Gənc opera ulduzları” adlı konsert təşkil olunub.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri, eləcə də Fidan Hacıyeva Vokal Musiqi məktəbinin şagirdləri və dirijor Cavanşir Cəfərovun rəhbərliyi ilə “MEZZO” kamera orkestri çıxış edib.
Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa olunub.