Qarabağda və Şərqi Zəngəzurda yenidən qurulan şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Bu dəfə 39 ailə (153 nəfər) Füzuli sakini öz yurduna qovuşub. Ailələrə şəhərdə yeni inşa olunan yaşayış kompleksindəki mənzillərinin açarları təqdim edilib.
Bununla da Füzuli şəhərinə köçürülən ailə sayı 822-yə (ümumilikdə 3132 nəfər) çatıb.
Laçın şəhəri də yeni sakinlərinin daha bir qrupunu qəbul edib. Aprelin 30-da şəhərə daha 21 ailə (65 nəfər) köçürülüb. Bundan əlavə, Laçın rayonunun Zabux kəndinin sakinləri sırasına daha 2 ailə (4 nəfər) qoşulub. Sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.
İndiyədək Laçın şəhərinə 493 ailənin (1838 nəfər), Zabux kəndində 217 ailənin (823 nəfər) daimi məskunlaşması təmin edilib.
Yaxın günlərdə Laçın rayonunun Sus kəndinə də köç başlayacaq. Aprelin 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində köçürüləcək ailələr arasında püşkatma keçirilib. Bildirilib ki, Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında keçirilib.