Cüdo üzrə V “Raquf Orucov Kuboku” beynəlxalq turniri keçirilib

 

Aprelin 30-da Bakı İdmana Sarayında cüdo üzrə V “Raquf Orucov kuboku” (“Raguf Orujov Cup”) komandalararası beynəlxalq turniri keçirilib.

Ənənəvi turnir Qarabağda böyük Zəfərimizin başlanğıcı olan Aprel döyüşlərinin (2016) qəhrəmanlarından əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və onun timsalında torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban verən bütün şəhidlərimizin xatirəsinə həsr edilib.

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən turnirin açılış mərasimində rəsmilər, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak ediblər.

Açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin sədr müavini Adil Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, cüdo üzrə dünya və Avropa çempionatının qalibi və mükafatçısı Orxan Səfərov, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış ediblər.

Əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xanımı Sevinc Orucova ənənəvi turnirin “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirildiyini diqqətə çatdıraraq təşkilatçılara minnətdarlığını bildirib.

Rəsmi çıxışlardan və bədii hissədən sonra Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və Rusiyadan (fərdi neytral idmançılar) 20 yaşadək cüdoçulardan (U-20) ibarət 13 komanda mübarizə aparıb.

Finalda "Edelveys" (Dağıstan, RF) komandasını məğlub edən "Judo Club 2012" komandası turnirin qalibi adını qazanaraq kuboka sahib çıxıb. "Edelveys" gümüş, "Atilla" idman klubu (Azərbaycan) və Macarıstan komandası isə yarışları bürünc medalla başa vurub. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir daha sonra 2018, 2019 və 2023-cü illərdə təşkil olunub. Turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsidir