Trampın həyatı Kann festivalında

 

ABŞ-nin keçmiş prezidenti və hazırda bu post uğrunda yenə mübarizə aparan Donald Trampın gənclik illərindən bəhs edən filmin premyerası Kann Film Festivalında olacaq.

İran-Danimarka kinorejissoru Əli Abbasinin “Şagird” (“The Apprentice”) filmi gənc Trampın 1970–1980-ci illərdə Nyu-Yorkda daşınmaz əmlak biznesinə necə başlamasından və müəllimi Roy Konla necə tanış olmasından bəhs edir.

“Qızıl palma budağı” uğrunda yarışacaq ekran işində baş qəhrəmanı “Marvel” filmlərinin ulduzu Sebastyan Sten oynayır.

77-ci Kann Film Festivalı 14–25 may tarixlərində keçiriləcək. Amerikalı aktrisa, ssenarist və rejissor Qreta Gervigin (Greta Gerwig) sədrlik etdiyi münsiflər heyətində türkiyəli ssenarist və fotoqraf Ebru Ceylan da yer alıb.

Festivalın əsas müsabiqə proqramında Kirill Serebrennikov, Frensis Ford Koppola, Pol Şreder, Devid Kronenberq və başqa rejissorların ekran işləri də daxil olmaqla ümumilikdə 22 film var.

Kann festivalının rəsmi posteri ənənəvi olaraq məşhur kinoulduzlara və kino tarixinin əlamətdar hadisələrinə həsr olunur. Bu dəfə festivalın posterində yapon rejissoru Akira Kurosavanın “Avqustda rapsodiya” filmindən (1991) şəkil əks olunub.