100-dən çox ölkənin təmsil olunduğu VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu plenar sessiya və panellərlə yanaşı, yüksək səviyyəli görüşlər, əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformadır. Foruma beynəlxalq təşkilatların rəhbər və məsul şəxsləri, bir sıra ölkələrin mədəniyyət sahəsi üzrə nazirləri, digər yüksəkvəzifəli şəxsləri qatılıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Dialoq Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Forumun birinci günü Adil Kərimli İordaniya şahzadəsi xanım Dana Firas və Səudiyyə Ərəbistanının mədəniyyət naziri – Təhsil, Mədəniyyət və Elm üzrə Milli Komitənin sədri Şahzadə Bədr bin Abdullah bin Fərhan ilə görüşüb.

Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdıran nazir mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkan və hüquqi bazanın mövcud olduğunu deyib. Bildirib ki, 2019-cu ildə iki ölkənin nazirlikləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 2010-cu ildə İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Ölkəmizdə təşkil edilən beynəlxalq incəsənət layihələrində İordaniya da təmsil olunur.

Adil Kərimli deyib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var. Bu kontekstdə qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti qeyd edilib.

Şahzadə xanım Dana Firas və mədəniyyət naziri Bədr bin Abdullah bin Fərhan bu mötəbər tədbirdə iştirakdan məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan mədəniyyətlərarası dialoqa, həmçinin İslam həmrəyliyinə mühüm töhfələr verir, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrini daha da dərinləşdirir.

***

Adil Kərimli mayın 1-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

Foruma qatıldığına görə iranlı həmkarına təşəkkürünü bildirən nazir “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqla bağlı qlobal platforma kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini deyib.

Məhəmməd Mehdi İsmaili öz növbəsində Foruma dəvətə görə təşəkkürünü bildirib, tədbirin gündəmə gətirilən mövzuların aktuallığı baxımından əhəmiyyətini qeyd edib.

Söhbət zamanı mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

***

Həmin gün Adil Kərimlinin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşü olub.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, son illərdə bədii kollektivlərin qarşılıqlı qastrol səfərləri, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsi intensiv xarakter alıb.

Söhbət zamanı yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib.

***

Mayın 2-də mədəniyyət naziri Adil Kərimlinin liviyalı həmkarı xanım Mabruka Osman ilə görüşü olub.

Qonağa “Bakı Prosesi” və bu platforma çərçivəsində bu il altıncı dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verilib. Bildirilib ki, “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoq üzrə əsas qlobal platforma kimi qəbul olunur.

Mabruka Osman Forumun əhəmiyyətini yüksək qiymətləndirib, bu mötəbər tədbirə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Adil Kərimli Azərbaycanın qədim Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam mədəniyyətinin paytaxtı” elan edildiyini diqqətə çatdırıb, liviyalı həmkarını yaxın günlərdə keçiriləcək “paytaxt ili”nin açılış mərasiminə dəvət edib.

***

Nazir Adil Kərimlinin mayın 2-də Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi Mario Maruşka və Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Branislav Şalat ilə görüşündə “Bakı Prosesi” qlobal platforması haqqında məlumat verilib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs edilib.

***

Görüşlər zamanı bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi də diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.