Layihə türk dövlətləri kinematoqrafçılarının iştirakı ilə həyata keçiriləcək

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin (quruluşçu rejissor Xalq artisti Vaqif Mustafayev) birgə istehsalı qərara alınıb.

Filmin çəkiliş prosesi ilə bağlı mayın 2-də mətbuat konfransı keçirilib.

TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, bu layihədə bütün Türk dövlətləri iştirak edəcək. Qeyd olunub ki, filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılması, hər bir ölkədə həyata keçiriləcək çəkilişlərin həmin ölkə tərəfindən maliyyələşdirilməsi ilə bağlı razılığa gəlinib.

Kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev ekran əsərinin çəkilişlərinə cari ilin avqustundan başlanacağını deyib. Qeyd edib ki, filmin çəkilişləri bu ilin sonunda bitəcək. Filmin xronometrajı 100 dəqiqədir. Həmçinin bu ekran əsəri Kann, Venesiya film festivallarında da nümayiş olunacaq.

Diqqətə çatdırılıb ki, Türk dövlətləri kinematoqrafçılarının iştirakı ilə həyata keçiriləcək filmin istehsalına Azərbaycan tərəfdən məsul qurum olan "Nasreddin Production" şirkəti tərəfindən ilkin hazırlıq işləri görülüb. Filmin çəkilişlərinin aparılacağı Türk dövlətlərində məkanların seçilməsi, yaradıcı heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması, həmçinin digər istiqamətlərdə bir çox işlər həyata keçirilib.

Türk dövlətləri arasında ortaq mədəni dəyərlərə söykənən “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin istehsalı ilə əlaqədar hazırda layihədə iştirak edən ölkələrlə işlər əlaqələndirilmiş şəkildə davam etdirilir.

L.Azəri