Forumun ilk günündə II plenar sessiya “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub.

Açılış nitqi söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos gənclərin radikal görüşlərə qarşı müqavimətinin artırılması ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, Sivilizasiyalar Alyansında bu istiqamətdə təhlil aparılır, təbliğat layihələri hazırlanır.

Sivilizasiyalar Alyansının nümayəndəsi Anna Pavlyuçenkonun moderatorluğu ilə davam edən sessiyada İosif Brifel, Vera əl-Mövla, Atif Rəşid (Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması proqramı – Böyük Britaniya), Ketrin Marponq (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi – İndoneziya), Alister Çarlz (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi – Cənubi Afrika), Grasian Mkandavire  (Qlobal idman proqramı – Malavi) və Leyla Həsənovanın (COP29-un gənc iqlim çempionu – Azərbaycan) məruzələri dinlənilib.

Qeyd olunub ki, cəmiyyətlərdə radikallaşmanın qarşısını almaq üçün xüsusilə gənclərlə mütəmadi iş aparılmalı, mütərəqqi dəyərlərin təbliğatı genişləndirilməli, onların fikirləri dinlənilməlidir. Bildirilib ki, bu sahədə irəliləyişə nail olmaq üçün gənclərin idmanın müxtəlif sahələrinə yönləndirilməsi də böyük əhəmiyyət kəsb edir. Sessiyanın sonunda Migel Moratinos səslənən fikirlərin, verilən mesajların əhəmiyyətini vurğulayıb: “Gənclərin zorakılıq və radikal düşüncələrinin qarşısının alınması üçün qlobal səviyyədə müxtəlif layihələr həyata keçirilməli və səylər birləşdirilməlidir. Bu məqsədlə mədəni alətlər işə salınmalı, incəsənət və idmanın imkanlarından istifadə olunmalıdır”.

Lalə