Mayın 2-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

Koventri Universitetinin İnam, Sülh və Sosial Münasibətlər Mərkəzinin təsisçi direktoru professor Mayk Hardinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyə və Forumda  dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. “Biz Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün ən önəmli mövzuları müzakirə etdik. Bunlardan mədəniyyət və irs, təhsil və texnologiya, din, miqrasiya, gənclərin proseslərə cəlb olunmaları və turizmin mədəniyyətlərarası dialoqa təsirini nümunə göstərə bilərik”, – deyə o qeyd edib.

Forumda COP29-la bağlı önəmli mesajların çatdırıldığını bildirən nazir deyib ki, əsas məqsədimiz mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həllində önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək üçün mütərəqqi dəyişikliklər etməliyik.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib: “Forumda iştirak edənlər bu sahədə maraqlı olduqlarını bir daha göstərdilər. Biz tolerantlığı və dinc yaşamağı və əməkdaşlıq dəyərlərini təşviq etməliyik”.

BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç, BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad iki gün ərzində maraqlı müzakirələrin aparıldığını diqqətə çatdırıb, Forumun əhəmiyyətini vurğulayıblar.

Sonda M.Hardi Forum iştirakçıları adından bəyannaməni oxuyub.

Lalə Azəri