25-28 aprel tarixlərində “VoiceIstanbul – 2024” Beynəlxalq Konqresi keçirilib. Konqresə səslə məşğul olan müxtəlif sahə mütəxəssisləri – qulaq, burun, boğaz həkimləri, foniatrlar, dil və nitq patoloqları, vokal pedaqoqlar, müğənnilər və s. olmaqla 50 ölkədən minə yaxın iştirakçı qatılıb.
Konqresdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Bu barədə məlumat verən Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin baş katibi tibb üzrə fəlsəfə doktoru, dosent Ramil Həşimli bildirib ki, əsasın 2019-cu ildə qoyulan “VoiceIstanbul” bu il 3-cü dəfə gerçəkləşib. Ölkəmiz bu tədbirdə davamlı şəkildə iştirak edir: “2019 və 2022-ci illərdə keçirilmiş konqresdə Milli Konservatoriyanın doktorantı, “Səsin tədqiqi laboratoriyası”nın rəhbəri Aleksandria Sultan von Bruseldorfla bərabər apardığımız elmi işlərin nəticələrini təqdim etmişdik. Bu il də eyni ənənəni daha geniş şəkildə davam etdirdik. Moderatoru olduğum “Azərbaycan muğam ifaçılarının vokal dözümlülüyünün və sənətkarlığının tədqiqi” panelində xanəndə səsi, muğam ifaçılığı hər tərəfli surətdə təqdim edildi. Aleksandria xanımla bərabər, həkimlərimiz Dilşad Şadlinskaya və Kamil Süleymanovun təqdimatları, eləcə də Əməkdar artist, Milli Konservatoriyada Muğam kafedrasının dosenti Gülüstan Əliyevanın “Opera sənətində klassik vokal və muğamın sintezi” mövzulu çıxışı və sonda canlı muğam ifası dinləyicilər tərəfindən çox böyük maraqla qarşılandı”.
R.Həşimli bildirib ki, həm 2022-ci ildə, həm də builki konqresin elmi proqramında qurucusu və baş katibi olduğu Mərkəzi və Qərbi Asiya qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi birliyinin (CWASOS) xüsusi panelində türk respublikalarından olan həkimlər elmi araşdırmalarını təqdim ediblər.