Cabbarlı haqqında film bərpadan sonra nümayiş olundu

 

Mayın 2-də Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə böyük dramaturq, yazıçı, teatr və kino xadimi Cəfər Cabbarlının (1899 –1934) 125 illik yubileyi münasibətilə tədbir keçirildi.

Film Fondunun foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi təşkil edilmişdi.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq milli kinematoqrafiyamızın inkişafında C.Cabbarlının əvəzsiz xidmətlərindən danışdı.

Qeyd etdi ki, 1979-cu ildə Cabbarlının 80 illik yubileyinə həsr edilən “Azərbaycanfilm” kinostudiyasında “Solmaz bir bahar kimi” filmi çəkilib. Filmin ssenari müəllifi Seyfəddin Dağlı, quruluşçu rejissoru isə Cahangir Zeynallı olub: “Filmi böyük dramaturqun 125 illik yubileyi ərəfəsində bərpa etdik. Film çox qiymətlidir. Ekran işində görkəmli diktorumuz Aydın Qaradağlının səsi eşidilir. C.Cabbarlı Moskvada yazıçı Maksim Qorki ilə qurultay iştirakçıları arasında görünür. Bu görüşü əks etdirən xronikal lentdən ilk dəfədir ki, kinoda istifadə olunur. C.Cabbarlı görkəmli kino xadimi Vsevolod Pudovkinlə söhbət edir. Bu epizod vaxtilə “Sevil” bədii filminin çəkilişi vaxtı lentə alınıb. Ekran əsərində “1905-ci ildə”, “Od gəlini” pyeslərindən, “Sevil” tamaşasından parçalar, “Sevil” və “Almaz” filmlərindən fraqmentlər var. Filmdə Sevil və Almaz rollarının ifaçısı akademik İzzət Orucova, yazıçı Mirzə İbrahimov, aktyor Ağasadıq Gəraybəyli və başqaları C.Cabbarlı haqqında söhbət açırlar”.

Yüksək sənətkarlıqla çəkilən film Azərbaycan Komsomolu mükafatına, kinorejissor Cahangir Zeynallı isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Ədibin irsinin araşdırıcısı, professor Asif Rüstəmli çıxış edərək C.Cabbarlının həyat və yaradıcılığının yer aldığı “Solmaz bir bahar kimi” sənədli filmi haqqında danışdı. Bildirdi ki, sovet dövründə Cabbarlı ilə bağlı bir-birindən maraqlı üç film lentə alınıb. Adıçəkilən bu film isə çox sənətkarlıqla yaradılıb. Film görkəmli ədibin həyat və yaradıcılığını özündə əks etdirən dəyərli sənət əsəridir.

Əməkdar incəsənət xadimləri - kino tədqiqatçısı Aydın Kazımzadə, kinorejissor Cahangir Zeynallı, Əməkdar müəllim Nəcməddin Mürvətov görkəmli ədibin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərini qeyd etdilər.

Sənətkarın nəvəsi Qəmər Seyfəddinqızı çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına, sənədli filmin bərpasına görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkür etdi.

Çıxışlardan sonra “Solmaz bir bahar kimi” filmi nümayiş olundu.

S.Fərəcov