Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) təqdimatında məlumat sessiyası keçirilib.

Universitetdən bildirilib ki, tədbirdə ATBA İdarə Heyətinin sədr müavini Tural Musayev və təlim üzrə mütəxəssis Şəmistan Muradbəyli turizm bələdçisi olmağı hədəfləyən tələbələrdən ötrü yaradılan imkandan, təlimlərin təşkilinə ayrılan vəsaitin mühüm hissəsinin dövlətimiz tərəfindən ödənilməsindən bəhs ediblər. Təlimin qayda və şərtlərinə aydınlıq gətirən ATBA təmsilçiləri yeni fəaliyyətə başlayan peşəkar statuslu bələdçilərin Azərbaycan Turizm Bürosu tərəfindən təşkil olunan sertifikatlaşdırma və akkreditasiya prosesində uğur qazanmasını vacib amil kimi dəyərləndiriblər. Bildirilib ki, ATBA turizm bələdçilərinin fəaliyyətinə dəstək verməklə yanaşı, ölkədə, eləcə də beynəlxalq səviyyədə peşəkar bacarıq və karyera imkanı təklifinə sadiqdir.

Fikir mübadiləsi şəraitində keçən məlumat sessiyasında tələbələrin çoxsaylı sualları cavablandırılıb.