Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Şəkidə “ArchiVision WeekEND Camp” təşkil olunub.
AzMİU-dan bildirilib ki, mayın 3-dən 5-dək keçiriləcək “Camp”da Dizayn fakültələrində təhsil alan 90 tələbə Şəki şəhərinin tarixi-memarlıq abidələri ilə tanış olacaq, müxtəlif əyləncə proqramlarında iştirak edəcək, panel müzakirə və vörkşoplara (dizayn sərgisi) qatılacaq.
Şəki Olimpiya İdman Kompleksində reallaşan “Camp”ın ilk günü iştirakçılar Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra proqrama uyğun olaraq iştirakçılar üçün master-klaslar və vörkşoplar təşkil olunub. Dizayn fakültəsinin dekanı Fərid Kərimovun apardığı master-klaslar “Bildiyimiz və bilmədiyimiz memarlıq”, “İctimai məkanda inklüzivlik tədbirlərinin keçirilməsi ilə müyəssər mühit modelinin yaradılması” mövzularına, Əsmər Məmmədovanın təqdimatında vörkşoplar “Müxtəlif həndəsi fiqurlardan hazırlanmış abstrakt instalyasiya”, “Şəhər mühitinin təşkilində iştirak edəcək binaların fasad görünüşlərinin maketi” mövzularına həsr olunub.
“Camp”da, həmçinin iştirakçılar fasilələr zamanı AzMİU Tələbə Gənclər Təşkilatının üzvləri ilə birgə tanışlıq və şəbəkələşmə oyunları oynayıb, idman növləri üzrə fəaliyyətə cəlb ediliblər.
Qeyd edək ki, “Camp”ın açılış və plenar müzakirəsi mayın 4-də keçiriləcək. Açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, universitetin və nazirliyin əməkdaşları iştirak edəcəklər.