Azərbaycan

 

7 may 1926 – Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 – 10.7.1969) Bakıda doğulub. “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.

7 may 1954 – Əməkdar incəsənət xadimi Vaqif İsa oğlu Ağayev (1954–2011) Abşeron rayonunda anadan olub. 1972-ci ildən Azərbaycan Televiziyasında çalışıb.

7 may 1957 – Xalq artisti, teatr rejissoru İranə Tofiq qızı Tağızadə (1957 – 9.4.2023) anadan olub. Akademik Rus Dram Teatrında quruluşçu rejissor işləyib, Akademik Milli Dram Teatrında tamaşalara quruluş verib.

7 may 1998 – Tanınmış kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (11.9.1913 – 1998) vəfat edib. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.

7 may 2021 – Xalq şairi Musa Səfiməmməd oğlu Yaqub (10.5.1937 – 2021) vəfat edib. “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995–2000) olub.

7 may 2021 – Xalq artisti, aktyor Arif Əli oğlu Quliyev (16.5.1950 – 2021) vəfat edib. Musiqili Komediya, Milli Dram, İrəvan  teatrlarında işləyib. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

 

8 may 1910 – Tanınmış ədəbiyyatşünas alim, şair, tərcüməçi, professor Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 – 10.8.1961) İrəvan şəhərində anadan olub.

8 may 1919 – SSRİ Xalq artisti, görkəmli bəstəkar, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov (1919 – 19.9.1974) Şuşada doğulub. “Gülşən” baleti, “Karvan” simfonik lövhəsi, “Qızılgül” musiqili komediyası, uşaqlar üçün “İsgəndər və çoban” operası və s. əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

8 may 1930 – Ədəbiyyatşünas, professor Qara Mustafa oğlu Namazov (1930 – 11.5.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.

8 may 1983 – Lənkəranda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəlinin açılışı keçirilib.

 

9 may 1909 – Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov; 1909–1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin müəllifidir.

9 may 1917 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 – 11.1.1998) anadan olub.

9 may 1928 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 – 26.10.1983) anadan olub. Milli violonçel ifaçılığı sənətinin əsasını qoyub, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

9 may 1940 – Əməkdar artist Şamil Mahmud oğlu Dəmirçiyev (1940–2002) anadan olub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olub, Musiqili Komediya Teatrında çalışıb.

9 may 1941 – Tanınmış aktyor Kamil Fərman oğlu Məhərrəmov (1941 – 8.10.1993) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb, “Dərviş Parisi partladır”  “Yol əhvalatı” və s. filmlərdə yaddaqalan rollar oynayıb.

9 may 1945 – Əməkdar rəssam Faiq Nağı oğlu Abdullayev (1945 – 28.10.2020) Gəncə şəhərində doğulub. Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin müəllimi olub.

9 may 1967 – Əməkdar artist Xanım Abdulqafar qızı Qafarova (1967 – 11.7.2014) Bakıda anadan olub. Akademik Musiqili Teatrda çalışıb, filmlərdə çəkilib.

9 may 1973 – Bakıda əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin açılış mərasimi keçirilib.

9 may 2012 – Xalq artisti Süleyman Paşa oğlu Nəcəfov (6.8.1948 – 2012) vəfat edib. İrəvan Dövlət Dram Azərbaycan Teatrının aktyoru olub, filmlərə çəkilib.

9 may 2019 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (13.9.1933 – 2019) vəfat edib. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

 

10 may 1910 –  Əməkdar incəsənət xadimi, rejissor Həsən Səfər oğlu Ağayev (1910–1986) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb.

10 may 1922 – Əməkdar rəssam Cabbar Əli oğlu Quliyev (1922 – 27.8.2004) Qərbi Azərbaycanın Zəngibasar mahalında (Ermənistanın Masis rayonu) anadan olub. Aşıq Ələsgər, Xəstə Qasım və başqa el sənətkarlarının portret-obrazlarını yaradıb.

10 may 1926 – Yazıçı-ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 – 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində doğulub. “Dağlarda döyüş”, “Doğma sahillər” və s. bədii filmlərin ssenari müəllifidir.

10 may 1932 – Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Musa Ağabəy oğlu Bağırov (1932 – 11.5.2022) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, “Azərbaycantelefilm”də sənədli filmlər çəkib.

10 may 1934 – Ədəbiyyatşünas, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934–2004) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub.

10 may 1937 – Xalq şairi Musa Yaqub (Musa Səfiməmməd oğlu Yaqubov; 1937 – 7.5.2021) İsmayıllı rayonunun Buynuz kəndində doğulub. “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995–2000) olub.

10 may 1938 – Əməkdar mədəniyyət işçisi, miniatürçü rəssam Fəxrəddin Vəli oğlu Əliyev (1938 – 8.2.2022) Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olub. AMEA Əlyazmalar İnstitutunda baş rəssam işləyib.

10 may 1946 – Ədəbiyyatşünas, mətnşünas Maarif Abı oğlu Teymur (1946 – 9.10.2016) Masallı rayonunun Ərkivan kəndində doğulub. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru olub.

 

Dünya

 

7 may 1833 – Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833–1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.

7 may 1840 – Rus bəstəkarı Pyotr İliç Çaykovski (1840–1893) anadan olub. 10 operanın (“Yevgeni Onegin”, “Orleanlı qız”, “Qaratoxmaq qadın” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), simfoniyaların müəllifidir.

7 may 1861 – Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 1861 – 7.8.1941) anadan olub.

7 may 1953 – Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 – 3.3.2013) Şanlıurfada doğulub.

 

8 may 1903 – Fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin; 1903–1971) anadan olub. Filmləri: “Mademauzel Nituş”, “80 gün dünya ətrafında” və s.

8 may 1906 – İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906–1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.

 

9 may 1883 – İspan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883–1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.

9 may 1924 – Gürcü şairi, nasir Bulat Okucava (1924–1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb. Sözlərinə yazılmış mahnılar bir çox filmlərdə səslənir.

 

10 may 1903 – Özbək şairi Qafur Qulam (1903–1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.

10 may 1888 – Amerika kino bəstəkarı Maks Stayner (Maximilian Raoul Steiner; 1888–1971) anadan olub. Ən yaxşı kino musiqisinə görə üç dəfə “Oskar” alıb.

Hazırladı: V.Orxan