Olaylar, faktlar (6 – 10 may)

 

149 il əvvəl...

 

7 may 1875-ci ildə Rusiya ilə Yaponiya arasında ərazi mübadiləsi haqqında saziş imzalanıb. Rusiya Kuril adalarını Yaponiyaya güzəştə gedib. Əvəzində Yaponiya Saxalin adasına iddiasından əl çəkib.

 

103 il əvvəl...

 

6 may 1921-ci ildə I Ümumazərbaycan sovetlər qurultayı (ali qanunverici orqan) işə başlayıb. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunub. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilib, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK) və yerli sovetlər yaradılıb. 1921–1937-ci illərdə ümumilikdə 9 dəfə Ümumazərbaycan sovetlər qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.

 

88 il əvvəl...

 

6 may 1936-cı ildə Türkiyədə ilk ali musiqi təhsili müəssisəsi – Ankara Dövlət Konservatoriyası qurulub. Ankara Musiqi Müəllimləri Məktəbinin (1924) bazasında yaradılan konservatoriya hazırda Hacettepe Universitetinin nəzdində fəaliyyət göstərir.

 

79 il əvvəl...

 

8 may 1945-ci ildə faşist Almaniyasının qeyd-şərtsiz kapitulyasiyasına dair akt imzalanıb. Berlin yaxınlığındakı Karlshorst şəhərciyində yerli vaxtla saat 22:43-də imzalanan akta Almaniya tərəfdən Vermaxt (alman ordusu) baş qərargahının rəisi general-feldmarşal V.Keytel imza atmışdı. SSRİ tərəfdən sənədi marşal G.Jukov, müttəfiqlər adından Britaniyanın aviasiya marşalı A.Tedder imzalamışdı. Akt imzalananda Moskva vaxtı ilə artıq ayın 9-u olduğundan SSRİ-də Qələbə Günü 9 may elan olundu. Avropada isə faşizm üzərində qələbə mayın 8-də qeyd edilir.

 

74 il əvvəl...

 

9 may 1950-ci ildə “Şuman bəyannaməsi” (Fransa xarici işlər naziri Robert Şuman tərəfindən oxunan və Fransa ilə Almaniya arasında kömür və polad sənayeçilərinin ortaq fəaliyyət təşəbbüsünü irəli sürən bəyannamə) elan olunub. “Şuman bəyannaməsi” Avropa İttifaqının ilk təməl təşəbbüsü sayılır. 9 may Aİ ölkələrində “Avropa Günü” kimi qeyd olunur.

 

32 il əvvəl...

 

8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal ediblər. 28 il 6 ay işğal altında qalan Şuşa şəhəri 2020-ci ilin 44 günlük Vətən müharibəsində, noyabrın 8-də müzəffər Azərbaycan Ordusu tərəfindən azad edildi.

 

20 il əvvəl...

 

10 may 2004-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə, maarifçilik, mədəniyyət və digər istiqamətlərdə layihələr həyata keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.

 

12 il əvvəl...

 

10 may 2012-ci ildə Bakı şəhərində Heydər Əliyev Mərkəzinin açılışı olub. Mərkəzin orijinal memarlıq üslubu olan binası (memar – Zaha Hadid, Böyük Britaniya) Prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli sərəncamına əsasən inşa edilib.

Hazırladı: V.Orxan