“Şuşada olmaqdan xoşbəxtəm”

 

“Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət, baş tutdu. Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm” – mayın 6-da Şuşaya səfər edən ABŞ-nin ölkəmizdəki səfiri Mark Libby bu sözləri Cıdır düzündən yayımladığı videomüraciətində bildirib.

Diplomat onun və xanımın çox səmimi qarşılandığını vurğulayıb, qonaqpərvərliyə görə təşəkkür edib: “Bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox böyük təəssürat yaratdı. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm. ABŞ bu ölkənin iqtisadi inkişafı və insanlarının rifahının dəstəklənməsi üçün çalışmağa davam edəcək”.

Səfir Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüb. Diplomata şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat verilib.

ABŞ səfiri yenidən inşa olunan Füzuli şəhərində də olub. “Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik. Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib. Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir” – ABŞ səfirliyinin yaydığı məlumatda belə deyilir.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri indiyədək ölkəmizdəki xarici diplomatik korpusun işğaldan azad edilmiş torpaqlara səfər heyətlərində yer almamışdı.